"Yeni müqavilə imzalayacağıqsa..." - Yuri Maksimov
ESTAFET/ “Keşlə”nin baş məşqçisi Yuri Maksimov “Qəbələ” ilə oyundan sonra media nümayəndələrinin suallarını cavablandırıb.
- Oyun necə keçdi?
- “Qəbələ”nin güclü tərəflərini bilirdik. Əsas silahları irəlidə oynayan 3 legionerdi. Onların vasitəsilə hücuma çox sürətli çıxırdılar. Biz çalışdıq ki, öz yarım sahəmizdə onlara oynamağa imkan verməyək. Bunun üzərində çox çalışmışdıq.
- “Qəbələ”nin start heyəti sizin üçün sürpriz deyildi?
- Onlar sxemi dəyişmişdilər, “4-4-2” oynamadılar. Amma bu elə də sürpriz olmadı. Dabo sol cinahda yarımmüdafiə-hücum qarışığı kimi oynayırdı. Ozobiç də mərkəzdə yox idi. Onlar da bizim kimi 3-4-3 şərti düzülüşü ilə meydana çıxmışdılar.
- Güzgü sxemi...
- Bəli, biz onların 3 hücumçusunu mərkəzdə zərərsizləşdirməyə çalışdıq. Düşünürəm ki, şans da bizim yanımızda idi. Çünki futbolda şansın köməyi olmadan uğur qazanmaq çətindi. Biz də 0:1 hesabı ilə uduza bilərdik. Razıyıq nəticədən.
- Əsas sual. Sonra necə olacaq?
- Bu artıq bizim yox, AFFA-nın məsələsidir.
- Sizin karyeranızı soruşuram...
- Bilmirəm, gözləyək, görək nə olacaq. Amma düşünürəm ki, yəqin Zaur Axundov da qalmağımı istəyir. Mən də bunun əleyhinə deyiləm. Amma əgər Avrokuboklarda uğur qazanmaq istəyiriksə, ciddi dəyişikliklər etməli, güclənməliyik.
- Həmyerliniz Qriqorçuk artıq istefasını elan etdi. Necə düşünürsüz, onun Azərbaycandakı karyerası alındı?
- Düşünürəm ki, o burda çox yaxşı işlər gördü. Ukraynada da haqqında yaxşı fikir formalaşıb.
- Qarşıda Avrokuboklara çox az zaman qalıb. Komandadakı taleyiniz bəlli deyil...
- Biz hələ bilmirik büdcəmiz necə olacaq, kimdən asılıyıq, konkret heç də məlum deyil. Yeni müqavilə imzalayacağıqsa, bunların hamısını danışmalıyıq.