Premyer Liqada 4 medal şansı
ESTAFET/ İdmançılarımız İstanbulda Karate1 Premyer Liqa turnirində dörd bürünc medal qazanmaq imkanı əldə edib.
67 kq çəki dərəcəsində təmsilçilərimiz Tural Ağalarzadə və Rafiz Həsənov, eləcə də İrina Zaretska (68kq) və kata milli komandamız bazar günü həlledici görüşlərdə üçüncü pillə uğrunda mübarizə aparacaq.
Yarımfinaladək bir sıra titullu idmançılara qalib gələn Ağalarzadə finalın bir addımlığında yaponiyalı rəqibinə məğlub olub. İlk görüşdə iranlı idmançıya uduzan Həsənov isə sonradan rəqibi finala yüksəldiyindən, təsəlliverici görüşlərdə 3 qələbə qazanıb. Ağalarzadəni Qazaxıstan idmançısı, Rafiz Həsənovu isə İranlı karateçi ilə daha bir qarşılaşma gözləyir.
Yarımfinaladək 3 görüşdə qalib gələn İrina Zaretskanın son rəqibi Misirili karateçi olacaq.
İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata komandası turnirin startında daha təcrübəli Mərakeşli idmançılara uduzsa da, sonradan rəqib finala çıxdığından, kataçılarımız bürünc medal uğrunda İran komandası ilə görüşmək imkanı qazanıb.
Mükafatlar uğrunda görüşlər bazar günü keçiriləcək.