“Ambissiyamız çox yüksəkdi": “Qarabağ”ın yeni transferi

ESTAFET/ “Ambissiyamız çox yüksəkdi. Ötən il olduğu kimi, yenə Çempionlar Liqasının qrupuna düşmək istəyirik. Belə başa düşürəm ki, klub son 8 ildə Avropada ortabab səviyyəyə çatmaq üçün məqsədyönlü şəkildə fəaliyyət göstərir. Avropa Liqasının qrup mərhələsi də variantlardan biridi. Amma daha çox Çempionlar Liqasında qrupa düşmək üçün səy göstərəcəyik”. Bu sözləri “Qarabağ”ın yeni transferi Simeon Slavçev Bolqarıstan mətbuatına açıqlamasında deyib.

 

Yay fasiləsində Portuqaliyanın “Sportinq” klubundan transfer olunan bolqarıstanlı yarımmüdafiəçi “Qarabağ”a keçdiyi üçün özünü çox xoşbəxt sayır: "Bu, həm də “Sportinq”dən ayrıldığım və hazırkı klubumda mənə dəyər verildiyi üçündü. Portuqaliya təmsilçisində olmaq mənim üçün böyük bir yük idi. "Sportinq"də daim psixoloji və idarəçiliklə bağlı problemlər olurdu. İndi futboldan əsl zövq alıram və bunu sübut etməyə etməyə çalışıram. “Qarabağ”ın heyətində 4 oyun keçirmişəm və hər matçda daha yaxşı çıxış edirəm. Artıq əvvəlki, "Liteks"də olduğum formamı bərpa edirəm. “Qarabağ”da topla daha çox oynamalıyam, topu özümdə saxlayıram, hücumlara qoşuluram. Meydanda daha sərbəstəm və təcrübə qazanıram. Düşünürəm ki, son oyunum daha yaxşı alındı. Penalti ilə nəticələnən 3 məhsuldar ötürmə verdim. Bundan əlavə, rəqib qapısı qarşısında digər təhlükəli vəziyyətlər də yaratdım. “Qarabağ”da olduqca xoşbəxtəm, çünki bu komandanın oyun üslubu çox xoşuma gəlir. Burada mənə dəyər verirlər. Məncə, öz oyunumu daha da yaxşılaşdıra bilərəm”.

 

Azərbaycan mədəniyyəti haqda da danışan Slavçev bunun fərqli olduğunu söyləyib: "Ancaq demək olar ki, Avropaya daha yaxındı. Yerli dili hələlik bilmirəm, rus dilini öyrənirəm. Ən əsası komandanın oyununa tez uyğunlaşa bilməyimdi. Həm məşq, həm də oyunlar zamanı özümü evdəki kimi hiss edirəm. Şəxsi həyattıma gəlincə, ailəm yanımda olanda darıxmıram. Komandamızda çoxlu əcnəbi var. Buna görə də ingilis və rus dilləri daha çox istifadə olunur. Yaxşı ki, burada fiziki hazırlıq üzrə bolqarıstanlı məşqçi var. O, mənə çox kömək edir. Ancaq ilk növbədə hamımız rus dilində danışmağa çalışırıq. Taktiki məşğələlərdə isə hər futbolçunun tərcüməçisi var və o deyilənləri ana dilinə tərcümə edir”.

 

ÇL-in təsnifat mərhələsində BATE ilə keçirəcəkləri oyunlara da toxunan 24 yaşlı Slavçev mərhələ keçə biləcəklərini söyləyib: “BATE-nin oyununu izlədik, maraqlı komandadı. Müasir futbol belədir ki, rəqibi mütləq qiymətləndirməlisən. Əks halda, bu, sənə baha başa gələ bilər. Ona görə də baxımlı və kollektiv şəkildə oynamağa davam etməliyik. Düşünürəm ki, BATE-ni mübarizədən kənarlaşdırıb, yolumuza davam edə bilərik”. 

Müəllif: Orxan NOVRUZOV