UEFA-dan "Qəbələ"yə cəzalar: Baş məşqçi 2, millimizin üzvü 4 oyunluq diskvalifikasiya olundu

ESTAFET/ “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov və millimizin də üzvü olam futbolçusu Təmkin Xəlilzadə UEFA tərəfindən sərt cəzalandırılıb. Bu barədə komandanın meneceri Səbuhi Səfiyarlı məlumat verib.

 

Səfiyarlı cəzaların Avropa Liqasının I təsnifat mərhələsində "Proqress"lə cavab oyununda xoşagəlməz olaylarla bağlı olduğunu bildirib: "Təmkin həmin matçda rəqib futbolçuya zərbə endirməsi üzündən birbaşa qırmızı aldığına görə dah ağır - 4 oyunluq cəza alıb. Qurbanov isə "texniki zona" qaydalarını pozduğuna görə 2 oyun komandanı meydana çıxara bilməyəcək. Artıq bu cəzalarla bağlı UEFA-dan rəsmi məktub almışıq və apelyasiya verməyimiz nəzərdə tutulmayıb".

 

Xatırladaq ki, “Qəbələ” Lüksemburqdakı oyunda 1:0 hesabı ilə qalib gəlsə də, evdəki ilk matçda 0:2 hesabıyla uduzduğundan Avroliqada mübarizəni erkən dayandırıb. 

 

Mənbə: Sport24

Müəllif: Orxan NOVRUZOV