TPL-də yeni mövsüm: 1 debüt, 2 yubiley

ESTAFET/ Bu həftə Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünə start veriləcək. 27-ci dəfə təşkil olunan yarışın ilk turu bir debütlə əlamətdar olacaq.

 

Belə ki, 1-ci diviziondan Premyer Liqaya vəsiqə qazanan “Sabah” ilk dəfə Azərbaycan çempionatının yüksək dəstəsində mübarizə aparacaq. Debütant yarışın tarixinə yubiley - 60-cı komanda kimi düşəcək. Bunadək keçirilən 26 turnirdə 59 klub mübarizə aparıb.

 

Premyer Liqanın digər 7 iştirakçısından ikisi isə bütün çempionatlara qatılıb. Bunlar ölkənin iki ən titullu klubu “Neftçi” və “Qarabağ”dır. Arxada qalan 26 çempionatda hərəyə 749 matç keçirən Bakı və Ağdam təmsilçisi ilk turda yubiley qeyd edəcək. Hər iki komanda ölkə çempionatlarında 750-ci matçına çıxacaq. “Neftçi” yubileyi “Sumqayıt”, “Qarabağ” isə “Zirə” ilə matçda qeyd edəcək.

Müəllif: Orxan NOVRUZOV