Gimnastika: Kişi idman gimnastikası
ESTAFET/ Kişi idman gimnastikası Olimpiya idman növüdür və 6 gimnastika alətində - xalça üzərində (sərbəst hərəkətlər), dəstəli at, halqalar, dayaqla tullanma, parralel qollar və turnikdə hərəkətlər yerinə yetirilir. Olimpiya Oyunlarında 8 dəst medal oynanılır – komanda və fərdi hesabda, həmçinin ayrı-ayrı alətlərdəki çıxışlara görə.
SƏRBƏST HƏRƏKƏTLƏR
Sərbəst hərəkətlər ölçüsü 12x12 metr olan xüsusi gimnastika xalçasında yerinə yetirilir. Xalça ətrafında eni 1 metr olan “təhlükəsizlik sərhədi” keçir. Sərbəst hərəkətlər özündə ayrı-ayrı elementlərin (mayallaq aşmaq, salto, şpaqat, əllər üstə dayanma və s.) kombinasiyasını birləşdirir. Çıxış zamanı idmançılar maksimal dərəcədə xalçanın bütün sahəsini istifadə etməlidirlər. Proqramın çətinliyi və onun ayrı elementləri, həmçinin icranın səhvsiz olması və arxayınlığı qiymətləndirilir.
DƏSTƏLİ AT ÜZƏRİNDƏ HƏRƏKƏTLƏR
Dəstəli at üzərində hərəkətlər – ayaqlarla max hərəkətlərini icra etməyə imkan verən dəstəli alətdir.Gimnastika atı 1,05 metr hündürlükdə olur. Hərəkətlər max, fırlanma, həmçinin alətdə əllər üzərində dayanaraq, alətin bütün sahəsindən istifadə edilərək icra olunur.
HALQALARLA HƏRƏKƏTLƏR
Halqalarla hərəkətlər – uzunluğu 2,55 m olan xüsusi troslara bərkidilmiş iki taxta halqada yerinə yetirilir. Halqalarla hərəkətlər (yüksəliş, dövrə vurma və burulma) idmançının həm elastikliyini həm də fiziki gücünü göstərir. Hərəkətlərin çətinliyinə görə statik elementlər dinamik elementlərdən geri qalmır. İdmançı halqalarda ilkin vəziyyəti alarkən, dirəklərlə hərəkətlərdəki kimi, məşqçinin köməyindən istifadə edə bilər.
DAYAQLA TULLANMA HƏRƏKƏTLƏRİ
Dayaqla tullanma hərəkətləri sürətli qaçışla əlavə təkanın (idman növünün adı burdan götürülüb) köməyi ilə yerinə yetirilir. Alətin uzunluğu – 1,6 metr, eni – 0,35 metrdir. İdmançı xüsusi cığırda sürət yığır, ayaqları ilə körpücükdən, amortizasiya edən qurğudan, itələnir, daha sonra əlləri ilə (yalnız bir əllə təkan verməyə icazə verilir) alətdən əlavə təkan verir. Yerinə yetirilən tullanışlar düz, salto, çevriliş ilə və s. ola bilər. Kişilərə yalnız bir cəhddə çıxış mkanı verilir. Tullanmanın hündürlüyü, uzaqlığı, çətinliyi (uzununa və eninə ox ətrafında dövriyyələrin sayı), hərəkətin düzgün icra edilməsi və enişin dəqiqliyi qiymətləndirilir.
PARALEL QOLLAR
Parallel qollarda hərəkətlər özündə dinamik (fırlanma, max hərəkətləri və s.) və statik (üfüqi dayaq, əllər üzərində dayanma) elementləri birləşdirir. Gimnast alətin bütün uzunluğunu istifadə etməlidir, qolların altında və üstündə işləməlidir.
TURNİK ÜZƏRİNDƏ HƏRƏKƏTLƏR
Turnik üzərində hərəkətlər – diametri 27-28 mm, uzunluğu 2,5 metr olan hamarlanmış poladdan hazırlanan və 2,55 metr hündürlükdə iki dayaq vasitəsi ilə bərkidilmiş tirin üzərində yerinə yetirilir. Qaydalara uyğun olaraq, dirək ətrafında fırlanma hərəkəti edən zaman (ayrı-ayrı istiqamətlərə) idmançı bədəni ilə ona toxunmamalıdır. Çıxış zamanı gimnast müxtəlif tutmalar, bir növdən digərinə təmiz və dəqiq keçid bacarığını nümayiş etdirməlidir.
Xüsusi qeydlər: Gimnastikanın inkişafında ən yüksək təcrübi və nəzəri biliklərin əsasını alman pedaqoqu Fit (1763-1836) və Qutsmuts (1759-1839) qoymuşdular. Məhz onlar alətlərdə gimnastik hərəkətlərin metodikasının işlənib hazırlanmasına öz layiqli töhfələrini veriblər. 1881-ci ildə Beynəlxalq Gimnastika Federasiyası yaradıldı. 1896-cı ildə isə Afinada keçirilən ilk Olimpiya Oyunlarının proqramında gimnastika digər idman növləri arasında öz yerini tutdu. İdman gimnastikası üzrə ilk Dünya Çempionatı Beynəlxalq Gimnastika Federasiyasının əsasını qoyan belçikalı Nikola Kuperusun təşəbbüsü ilə 1903-cü ildə baş tutdu. 1903-1913-cü illər ərzində Dünya Çempionatı iki ildən bir, 1922-ci ildən isə Dünya Çempionatı dörd ildən bir keçirildi.
1977-ci ildə Beynəlxalq Gimnastika Federasiyasının konqresində Dünya Çempionatının yenidən iki ildən bir keçirilməsi haqqında qərar qəbul edildi. Hazırda Dünya Çempionatı yarışları, Olimpiya Oyunlarının keçirildiyi il istisna olmaqla, hər il keçirilir.
Mənbə: Azərbaycan Gimnastika Federasiyası