"Real" sabiq futbolçusunu qaytardı

ESTAFET/ İspaniyanın “Real” klubu sabiq futbolçusunu yenidən heyətinə qatıb. Madrid təmsilçisi Fransanın “Olimpik” (Lion) klubundan keçmiş futbolçusu Mariano Diası transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Xəbərdə “Real”ın Diası bonuslarla birlikdə 33 milyon avroya transfer etdiyi qeyd edilib. Lion klubu Diasın növbəti mümkün satışından da 15 faiz pay alacaq.

 

Ötən mövsümün əvvəlində 7 milyon avroya Fransa klubuna transfer olunan 25 yaşlı futbolçu, Liqa 1 təmsilçisi ilə çıxdığı 45 oyunda 21 qola imza atıb.

 

2011-ci ildə “Real”ın akademiyasına qəbul olan Dias, 2016/2017 mövsümündə əsas komandaya cəlb edilmişdi. O, “kral klubu” ilə çıxdığı 8 qarşılaşmada 1 qolla yadda qalıb. 

 

Mənbə: Sport24

Müəllif: Məsim MƏSİMZADƏ