Bakıda FIG-nin nümayəndələri ilə görüş keçirilib
ESTAFET/ Xəbər verdiyimiz kimi, Azərbaycan Gimnastika Federasiyası bu il beynəlxalq yarışlarla yanaşı, daha bir önəmli tədbirə - 2-3 dekabr tarixlərində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Konqresinə ev sahibliyi edəcək.
115 ölkədən federasiyaların nümayəndələrinin qatılacağı bu tədbirin hazırlıq planı və iclasın baş tutacağı məkanla tanış olmaq məqsədilə, FIG-nin Baş katibi Nikolya Bompan və FIG-nin təhsil-məşqçilik proqramının meneceri Oliviya Billi-Pena bu günlərdə ölkəmizə səfər ediblər.
Səfər zamanı yerli federasiyanın nümayəndələri ilə görüş keçirən qonaqlar konqres çərçivəsində Prezident Komissiyası, İcraiyyə Komitəsi və Texniki Komitələrinin iclaslarının keçirilməsi ilə yanaşı, bir sıra texniki məsələləri də müzakirə ediblər.
Bundan əlavə, FIG-nin fəaliyyətinə yeni daxil edilmiş parkur idman növünün inkişaf etdirilməsi məqsədilə, konqresdən sonra, 4-5 dekabr tarixlərində nəzəri və təcrübi mərhələdən ibarət olacaq məlumat xarakterli kursların təşkili də nəzərdə tutulmuşdur. Bununla bağlı olaraq, FIG-nin nümayəndələri kursların keçiriləcəyi “Ocaq Sport Klubu”nun zalına baş çəkərək, oradakı şəraitlə də tanış olmuş və gimnastların məşq prosesini izləmişlər.
"Hər şey ən yüksək səviyyədədir. Biz çox şadıq ki, qarşıdakı tədbirə Azərbaycan ev sahibliyi edəcək. Azərbaycan Gimnastika Federasiyası bütün böyük turnirləri və idman tədbirlərini nümunəvi şəkildə təşkil edir və bu hər dəfə öz təsdiqini tapır", - deyə N. Bompan öz müsahibəsində vurğulayıb.