"Qarabağ"ın rəqibləri müəyyənləşdi
ESTAFET/ “Qarabağ”ın futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib. Ağdam klubu E qrupunda “Arsenal” (İngiltərə”), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) ilə mübarizə aparacaq.
Adıçəkilən hər 3 komanda Azərbaycan klubları üçün avrokuboklarda yeni rəqiblərdi. Ancaq İngiltərə və Ukraynanın digər komandalarına qarşı daha əvvəl oyunlar olub.
Maraqlıdı ki, bütün hallarda Azərbaycanı “Qarabağ” təmsil edib. Portuqaliya təmsilçiləri ilə nəinki rəsmi, heç yoxlama görüşü də baş tutmayıb.
“Qarabağ” indiyədək 4 dəfə İngiltərə klubları ilə üz-üzə gəlib. İlk belə hal 2015-ci ildə baş verib. Avropa Liqasının qrup mərhələsində “Tottenhem”lə birgə mübarizə aparmalı olan “Qarabağ” səfərdə 1:3, evdə 0:1 uduzub. Ötən mövsüm Çempionlar Liqasının qrupunda isə “süvarilər” digər London klubu “Çelsi”yə rəqib olub. “Zadəganlar”ın qapısından top keçirə bilməyənAğdam klubu səfərdə 6, evdə 4 cavabsız qollu məğlub olub.
“Qarabağ” Avropa Liqasının 2014/15 mövsümündə isə Ukrayna klubu ilə eyni qrupda yer alıb. “Dnepr”lə duellərin hərəsində bir komanda qələbə qazanıb. Səfərdə 1:0 üstün olan Ağdam təmsilçisi Bakıda 1:2 uduzub.
“Vorskla” da daha əvvəl Azərbaycan klubu ilə üz-üzə gəlib. Komanda 2015-ci ildə yoxlama oyununda “Qəbələ”yə uduzub – 2:1.