MÖVSÜMƏ TÜRKİYƏDƏ YEKUN VURULDU
ESTAFET/ 15-16 oktyabr tarixlərində Avropa Triatlon İttifaqının bayrağı altında Alanyada (Türkiyə) keçirilən Avropa Kuboku yarışları ilə triatlon mövsümünə yekun vuruldu. Azərbaycan həm kişilərin, həm də qadınların mübarizəsində təmsil olunurdu. Təmsilçilərimizin çıxışını qənaətbəxş hesab etmək olar.
Kişilərin elit yarışında çıxış edən Rostislav Pevtsovun çıxışı isə daha uğurlu olub. Belə ki, 01:47:45 (1500 metr üzmə - 18:49, 40 km velosiped - 56:19, 10 km qaçış - 31:37) vaxt göstərici ilə Pevstov Avropa Kubokunun gümüş medalını qazanıb.
Yarışların qalibi adını isə 1:47:30 (üzmə - 18:46, velosiped - 56:22, qaçış - 31:21) vaxt göstəricisi ilə rus Vladimir Turbayevskiy qazanıb. İlk üçlüyü digər rus triatlonçu İqor Polyanskiy 01:48:46 (üzmə - 18:46, velosiped - 56:25, qaçış - 32:40) vaxt göstəricisi ilə qapayıb.
Qadınların elit yarışında mübarizə aparan təmsilçimiz Kseniya Levkovskaya isə 02:07:19 (üzmə - 20:46, velosiped - 01:03:56, qaçış - 41:29) vaxt göstəricisi ilə Avropa Kubokunu 6-cı sırada bitirib. Kubokun medallarını aşağıdakı triatlonçular qazanıb:
Qızıl: Lyusi Hall (GBR) - 02:00:55 (üzmə-19:45, velosiped-01:02:08, qaçış-37:52)
Gümüş: Yuliya Yeslistratova (UKR) - 02:02:15 (üzmə-20:50, velosiped-01:03:22, qaçış-37:04)
Bürünc: Sofi Koldvel (GBR) - 02:02:33 (üzmə-19:46, velosiped-01:02:09, qaçış-39:36)