"Yolumuza uğurla davam etməliyik”

ESTAFET/ Kosovo milli komandasının daha 4 futbolçusu UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk turunda Azərbaycan yığmasına qarşı keçirəcəkləri matçı şərh ediblər. Onlar liqaya yaxşı start vermək istədiklərini deyiblər:

 

Edon Jeqrova (yarımmüdafiəçi): “Hər şey yaxşıdır. Bizim güclü komandamız var. Şərtlərimiz uğur qazanmaq üçün kifayət edir. Millətlər Liqasında keçirəcəyimiz hər iki oyunda xallar qazanmaq istəyirik. Əlimizdən gələn hər şeyi edəcəyik”.

 

Milot Raşitsa (yarımmüdafiəçi): “Dünən və bu gün ciddi şəkildə hazırlaşdıq. Hər iki oyundan xalla ayrılmaq niyyətimiz var. Psixoloji durumumuz yaxşıdır. Ötən həftə qol vurmağım məni bu matçlara daha çox motivasiya edir”.

 

Hekuran Kryueziu (yarımmüdafiəçi): “İmkanlarımızdan maksimum yararlanmalıyıq. Əhval-ruhiyyəmiz əladır. Oyunların önəmini anlayırıq. Meydanda bütün gücümüzü qoyacağıq. Yolumuza uğurla davam etməliyik”.

 

Amir Rrahmani (müdafiəçi): “Hazırlığımız əladır. Azərbaycanla matça qədər iki məşqimiz də olacaq. Bütün diqqətimizi ilk oyuna yönəltmişik. Hesab edirəm ki, səfərdə qələbə qazanacağıq. İlk yeri tutmalı olduğumuzdan daha çox çalışmalıyıq”. 

 

Herolind Şala (yarımmüdafiəçi): “Bu günlərdə maksimum şəkildə hazırlıq keçdik. Yaxşı şərtlər meydana gəlmişdi. Bu əhval-ruhiyyə ilə oyuna köklənməyimiz yaxşı haldır. Nəticə vermək üçün hazırıq. Ümid edirəm ki, çox yaxşı nəticələrimiz olacaq”.

 

Merqim Voyvoda (müdaifəçi): “Hazırlaşdıq və Azərbaycanla matça tam köklənə bilərik. Əlbəttə ki, bizə asan olmayacaq. Amma qələbə üçün səfərə gedirik. Hər şey özümüzdən asılıdır”.

 

Samir Uykani (qapıçı, kapitan): “İndi asan rəqib yoxdur. Toplanışda maksimum gücümüzü qoyduq. Azərbaycan sıradan rəqib deyil. Biz maksimum gücümüzlə oynayıb yeni səhifə yazmalıyıq. Keçmiş prezident Vokrri üçün oynayacağıq və motivasiyamız onun üçün qazanmaq olacaq”.

 

Bersant Çelina (yarımmüdaifəçi): “Qeyri-adi atmosfer olacağına inanıram. Futbolda hər şey mümkündür. Uğur istək və iradə tələb edir. Biz qələbəyə inanırıq. Mümkün qədər yaxşı başlamalıyıq”.

Müəllif: Natiq NƏSİROV