2021-ci il mundialının yeri və vaxtı müəyyən edildi

ESTAFET/ Bugün Beynəlxalq Cüdo Federasiyası (IJF) İcraiyyə Komitəsinin Bakıdakeçirilən iclasında bir sıra qərarlar qəbul olunub. Qəbul olunan qərarlardan biri də, 2021-ci il cüdo üzrə dünya çempionatının yeri və vaxtı ilə əlaqədar olub.

 

12-19 sentyabr 2021-ci il tarixlərində keçirilməsinə qərar verilən mundial Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

 

Digər mühüm qərarlara gəlincə, komanda yarışlarındakı cüdoçulardan hansının tatamiyə birinci çıxacağını püşk müəyyənləşdirəcək. Bunadək yarışlar "aşağıdan-yuxarı" çəki dərəcələri prinsipi ilə təşkil edilib.

 

Bununla yanaşı, cüdonun illik təqviminə Kanada, İsrail və Çili Qran Prilərinin əlavə olunacağı açıqlanıb.

 

IJF Hakimlər Komissiyası bildirib ki, son illər keçirilmiş nüfuzlu yarışların analizləri nəticəsində görüşlərin 82 faizdən çoxunun əsas vaxtda yekunlaşdığı məlum olub.

 

Qeyd edək ki, cüdo üzrə 2019-cu il dünya çempionatı Yaponiyanın paytaxtı Tokioda keçiriləcək. 

Müəllif: Orxan NOVRUZOV