"Xüsusi bir ad çəkə bilməyəcəm": Qurban Qurbanov

ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının VI turu çərçivəsində “Sabah”I səfərdə 2:0 məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bildirib.

 

- Futbolçularımı təbrik etmək istəyirəm. Layiqli qələbə qazandıq. Həddən artıq çətin oyun oldu. Buna rəğmən, oyunun dinamikasını qoruyub saxlaya bildik. Rəqib müdafiə olunmağı bacaran komandadı. Eyni zamanda, əks-hücuma çıxmağı da bacarırdılar. Çox çətinlik çəkdik. Bununla belə intizamlı oynadıq. Oyuna xeyli sayda azarkeşimiz gəlmişdi. Onların dəstəyini hiss edirdik.

 

- “Arsenal”la oyun öncəsi bu cür rəqibə qarşı oynamaq sizin üçün nə dərəcədə sərfəli idi?
- Əlbəttə, fərqli üslubda oynayan komandalardı. Amma futbolçular bu gün xeyli əziyyət çəkdi. Çoxsaylı mübarizəyə şahidlik etdik. Düşünürəm ki, bu qarşılaşmanın bizə faydası olacaq.

 

- Emeqara və Delarjı əvvəlcədən də planlaşdırmışdınız oyuna daxil etmək, yoxsa nəticəyə görə bunu etdiniz?
- İki dəyişiklik planlaşdırılmışdı. Bu gün düşündüyüm kimi hər şey tam alınmadı, ona görə də bu dəyişikliklərə əl atdım.

 

- “Sabah”ın heyətində milliyə dəvət almağa namizəd varmı?
- İndidən konkret fikir bildirmək istəmirəm. Cavid İmamverdiyev onsuz da daim dəvət olunur. Amma xüsusi bir ad çəkə bilməyəcəm. 

Müəllif: Orxan NOVRUZOV