Mövsümdə ilk avtoqol qeydə alındı

ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının 2018/19 mövsümündə ilk avtoqol qeydə alınıb. Bu, VI turun “Sumqayıt” – “Zirə” (1:0) matçına təsadüf edib. Meydan sahibləri 3 xalı paytaxt təmsilçisinin müdafiəçisi Adil Nağıyevin topu öz qapısından keçirməsi hesabına qazanıb. Mövsümün əvvəlki 23 görüşündə avtoqol qeydə alınmadığı üçün Nağıyev ilk uğursuz olub.

 

Ümumilikdə isə “Zirə”nin futbolçuları Premyer Liqa tarixində 3-cü dəfə avtoqola üzülüblər. “Sumqayıt” isə 7-ci dəfə rəqib qoluna şahidlik edib.

 

Bu, “Zirə” və “Sumqayıt” arasında duellərdə 3-cü avtoqoldur. 2015/16 mövsümündə Cəmil Hacıyev (“Sumqayıt”), ötən çempionatda isə Jozef Bum (“Zirə”) belə uğursuzluq yaşayıb.

 

Qeyd edək ki, “Sumqayıt” – “Zirə” görüşündə qol ilk olaraq “Sumqayıt”ın üzvü Atilla Yıldırımın aktivinə yazılsa da, oyunun baş hakimi Vüqar Həsənlinin Peşəkar Futbol Liqasına ünvanladığı raporta əsasən matçın yekun protokolunda dəyişiklik edilib. 

Müəllif: Məsim MƏSİMZADƏ