Fatimə beynəlxalq turnirdə gümüş medal qazanıb

ESTAFET/ Çexiyanın Brno şəhərində bədii gimnastika üzrə təşkil olunan beynəlxalq turnir bu gün başa çatıb. Azərbaycan yığma komandasının da təmsil olunduğu bu yarışda böyüklər və gənclər proqramı üzrə ümumilikdə 18 ölkə iştirak edib.

 

Gənclər arasında mübarizə aparan millimizin gimnastı Fatimə Əkbərova bu turnirdə uğurlu çıxışları ilə yadda qalıb. Belə ki, gənc gimnastın təsnifat mərhələsində hər 4 alət üzrə icra etdiyi çıxışları ona bütün finallara vəsiqə qazandırıb. Əsas mərhələdə isə məhz lent ilə çıxışına görə 14.550 xal toplayan Fatimə yarışları gümüş medalla başa vurub.

 

Yığma komandamızın digər üzvü, böyüklər proqramında çıxış edən Darya Sorokina isə gürzlərlə çıxışına görə medalın bir addımlığında, 4-cü yerdə qərar tutub. 

Müəllif: Bəhruz MƏMMƏDOV