"Azərbaycanı sevirəm, bu ölkəyə kömək etmək istəyirəm": Almeyda

ESTAFET/ Azərbaycan millisinin və “Astana”nın futbolçusu Riçard Almeyda Braziliya mətbuatına müsahibə verib. Azərbaycan karyerasından geniş danışan 29 yaşlı yarımmüdafiəçi ötən yay ayrıldığı “Qarabağ” qayıtmaq arzusunu da gizlətməyib.

 

- Sizi Azərbaycana getməyə nə vadar etdi?

- Portuqaliyada mövsüm bitəndən sonra “Qarabağ” mənə konkret təklif göndərmişdi. Həmin vaxt Polşa “Legiya”sından da dəvət var idi. Futbol elədir ki, gecə bir yerdə yatıb, səhəri başqa yerdə açırsınız. Hər şey çox ani oldu. Menecerimin zənginə yuxudan oyandım. Dedi ki, Azərbaycandan yaxşı təklif var. Atam oranın təhlükəli yer olduğunu düşünüb məni buraxmaq istəmirdi. Ancaq maddi baxımdan belə bir təklifi geri çevirə bilməzdim. Beləliklə, 2012-ci ildə “Qarabağ”a keçdim və orada oynamağa başladım.

 

- Ölkənin mədəniyyəti, dili və yeməklərinə necə uyğunlaşdınız?

- Ora çatanda mənim üçün əsl şok oldu. Çünki hətta ingilis dilində də danışa bilmirdim. Onların dini, mədəniyyəti və yeməkləri fərqlidi. Həyatımda bu qədər quzu əti yeməmişdim. Bu gün də başqa heç nə yeyə bilmərəm. Orada kababı çox sevirlər. İlk vaxtlar məşqçi ilə yanaşı, futbolçular da mənə kömək edirdilər. Onlar başa düşdülər ki, yaxşı insanam və yaxçl futbolçuyam, onlara kömək etmək istəyirəm. Bugünkü gündə də onlara hörmətim və sevgim var. Həmin insanlar indiyədək mənə qayıtmağı təklif edirlər. “Qarabağ”la müqaviləm başa çatanda klubun prezidenti mənə və ailəmə təşəkkür etdi. Mən isə məni Azərbaycana apardığı üçün öz menecerimə minnətdarlığımı bildirirəm. Orada keçirdiyim 6 il həyatımın ən yaxşı dövrlərindən biri oldu. İnsan və futbolçu kimi daha da inkişaf etdim. Onların mədəniyyəti mənə daha ciddi olmağı, digərlərinə hörmət və kömək etməli olduğumu öyrətdi. Düşünrəm ki, əsas olan da budu.

 

- Karyeranıza hücumameylli yarımmüdafiəçi kimi başlasanız da, sonradan bir qədər geridə oynamağa başladınız...

- "Qarabağ"da “10 nömrə” idim. Ancaq Çumbinyonun gəlişindən sonra bir az geri çəkilməli oldum. Baş məşqçi məndən dayaq yarımmüdafiəçisi mövqeyində oynamaq istəyib-istəmədiyimi soruşdu. Mən isə razılaşdım. Hücuma keçmək üçün topu özümdə saxlamağı sevirəm.

 

- Hazırda da “Qarabağ”ı çalışdıran Qurban Qurbanov klubda ən nüfuzlu insandı?

- Bəli, orda bossdu. “Qarabağ”a keçidimdə məhz onun rolu olub. Portuqaliyadakı oyunumu gördükdən sonra menecerimdən məni komandasına gətirməyi istəyib. Qurbanov transfer məsələlərində əsas söz sahibidi. Rəhbərlik 10 ildir komandaya rəhbərlik edən məşqçiyə istədiyi transferləri etmək üçün tam səlahiyyət verib. Onun ölkədə böyük hörməti var. Ötən ildən Azərbaycan millisinə də başçılıq edir.

 

- “Qarabağ”da son avrokubok oyunlarınız Çempionlar Liqasının qrup mərhələsində “Atletiko”, “Çelsi” və “Roma”ya qarşı olub. Bu, necə təcrübədir?

- Bunlar ən yaxşı xatirələrimdir. Hazırda “Qarabağ”da çıxış edən ispanlar Miçel də Dani Kintana ilə yanaşı, ötən mövsüm komandada Dino Ndlovu və Pedro Enrike kimi futbolçular da var idi. Hər zaman Çempionlar Liqasında oynamağı arzulamışam. Ona görə də aədtən televizorda baxırdım. Başa düşəndə ki, bu turnirdə meydana çıxacağam, o qədər sevincli idim, hətta ağladım. Bu, uşaqlıq arzum idi.

 

- Bəs Qazaxıstana yolunuz necə düşdü?

- “Qarabağ”da hər şeyim var idi. Azərbaycan futbolunda oyunçular üçün yaxşı şərait yaradırlar. Çempionatda 8 komanda mübarizə aparır. Hər biri səviyyəli klubdu və futbolçulara yüksək maaş verir. Məvaciblər müqavilədə göstərilən vaxtda ödənilir. “Astana” variantı çox yaxşı idi, ona görə də imtina edə bilməzdim. Hələ bu ilin yanvarında Qurban Qurbanova demişdim ki, “Qarabağ”la müqaviləmi uzatmayacağam. Çünki fərqli ölkədə oynamaq, başqa mədəniyyətlə tanış olmaq istəyirdim. İlk olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubuna keçməli idim. Lakin həmin vaxt “Astana”nın baş məşqçisi olan Roman Qriqorçuk menecerimə mənimlə görüşmək istədiyini dedi. Bir neçə dəfə ora getməkdən imtina etdim. Sonda ailəliklə təklifi dəyərləndirdik. Hesab etdik ki, bu, yaxşı variantdı 2 illik müqavilə bağladım. Burada çempionat yaxşıdır, amma “Qarabağ”a qayıtmaq istəyirəm. Üstəlik, məni çağırırlar. Gələn il bunun olub-olmayacağını bilmirəm. Bildiyim odur ki, komandanın liderləri mənim qayıtmağımı istəyirlər. Ola bilər, daha 1 il “Astana”da qalım. Burda hər şey yaxşıdı, yalnız pis olan çox soyuq olmasıdı.

 

- Azərbaycan millisində oynamağınız necə gerçəkləşdi?

- Oradakı ilk ilimdəcə onlar məni millidə oynatmaq arzularını dilə gətirdilər. Amma bu,mümkün deyildi. Çünki bu ölkədən heç bir qohumluq əlaqəm yox idi Ona görə də FİFA-dan azərbaycanlı pasportu almaq üçün 5 ilə yaxın gözləməli oldum. Həmin vaxt millinin baş məşqçisi Robert Prosineçki idi. Məni kofe içməyə dəvət etdi və milliləşmə məsələsini soruşdu. Bildirdim ki, hazırda bu prosesin içindəyəm, dedi ki, səni komandam görmək istəyirən. Necə imtina edə bilərdim? Axı orada öz həyatımı qurdum. Həyatımda nə varsa, bu Azərbaycan, “Qarabağ”la bağlıdı.

 

- Özünüzü azərbaycanlı kimi hiss edirsiniz?

- Əlbəttə. Artıq millidə oynamağa başlamışam. Azərbaycanı sevirəm, bu ölkəyə kömək etmək istəyirəm. Əlbəttə ki, Braziliya yığmasında oynamaq istərdim. Amma dünyanın digər tərəfindəyəm, elə deyilmi? İtaliya və İspaniyada olsaydım, oranın yığmasında oynamaq şansım daha çox olardı. Amma maddi baxımdan o ölkələrə getməyə dəyməz.

 

- Yığmadakı debütünüzü xatırlayırsızmı?

- Əlbəttə, 2017-ci ildə seçmə mərhələdə Şimali İrlandiya ilə qarşılaşırdıq. Bundan başqa, Almaniya, Çexiya, Norveç, San-Marinoya qarşı da oynadım.

 

- Ən yaddaqalan oyununuz hansı olub?

- Almaniya ilə matç. Mənim üçün inanılmaz idi. Çempionlar Liqasında da eyni hissi yaşamışdım. Hem vaxt düşünməzdim ki, Almaniya çempionatında çıxış edən futbolçuları izlədiyim futbolçulara qarşı oynayacam.

 

- Almaniyaya 1:5 hesabı ilə uduzdunuz. Amma bu, almanlara 1:7 məğlub olan Braziliyadan daha yaxşı göstəricidir...

- Bəli. Hətta paltardəyişmə otağında da zarafatla dedim ki, 1:5 uduzduq, deməkdi nəticəmiz Braziliyadan yaxşıdı, elə deyilmi? (gülür)

 

- Yığmada ilk qolunuzu oktyabrda Millətlər Liqasında Farer adaları ilə görüşdə (3:0) vurdunuz...

- Bu, maraqlı oyun idi. Bunadək millimizə bir qolu yoldaşlıq görüşündə vurmuşdum. Artıq 3 qol müəllifiyəm və bu ölkəyə kömək üçün hər şeyi edərəm. Bu ay Farer adaları və Kosovo ilə vacib oyunlarımız olacaq. Pley-offa vəsiqə verən Qrup birincisi olmaq üçün Kosovo ilə mübarizə aparırıq. Kosovonun güclü heyəti var, bəzi oyunçuları Almaniya Bundesliqaısnda çıxış edir. Bu isə Azərbaycan millisində yoxdu.

 

- Yenidən Braziliyada oynamaq arzunuz var?

- Çempionlar Liqasında iştirak etdikdən sonra Braziliyadan 4 təklif aldım. “Atletiko Paranaense” mənimlə əlaqə saxlamışdı. Onlara yarımmüdafiəçi lazım idi. Ancaq uzun müddətdi Avropadayam və bura uyğunlaşmışam. Qızım üçün bura daha rahatdı. Mənim və həyat yoldaşım kimi, o da ingilis dilini öyrənir.

 

- Karyeranızı bitirdikdən sonra Braziliyaya qayıdacaqsınız, yoxsa Azərbaycanda yaşayacaqsınız?

- Braziliyaya qayıtmağı üstünlük verirəm. Soyuq havanı sevmirəm. Həyat yoldaşıma dedim ki, çimərlikdə yaşamaq istəyirəm. Braziliyadan çoxdandır çıxmışam və ora yalnız bir dəfə istirahət zamanı getmişəm. Ancaq həyatın nə gətirəcəyini bilmək olmur. Məşqçi olub-olmayacağımı da bilmirəm. Hətta ola bilər ki, ümumiyyətlə, “Qarabağ”da işləyim.  

 

Mənbə: Sport24

Müəllif: Estafet.az