Batutçularımız mundialda çıxışlarını yekunlaşdırdılar

ESTAFET/ Bu günlərdə Sankt Peterburq şəhəri (Rusiya) batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 33-cü Dünya Çempionatına ev sahibliyi edib.

 

Dünyanın 34 ölkəsindən 250-dən çox gimnastın iştirakı ilə keçən çempionatda Azərbaycan komandası da təmsil olunub. Yarışlara ilk öncə batutçuların fərdi proqramda çıxışları ilə start verilib. Bu növdə təmsilçilərimizdən İlya Qrişunin zədə alması onu final mərhələsindən uzaq qoyub. Və beləcə gimnastımızın aldığı zədə ona sinxron proqramını da nümayiş etdirməyə imkan verməyib. Fərdi çıxışlarda kişilər arasında digər təmsilçimiz Ruslan Ağamirov və qadın batutçumuz Veronika Zemlyana isə çempionatı 54-cü olaraq başa vurublar.

 

Tamblinq üzrə yarışlarda isə ölkəmizi millimizin üzvü, 2018-ci ilin Avropa Çempionu Mixail Malkin təmsil edib. Gimnastımız çıxışlarına yaxşı başlasa da, ani səhvi ilə ondan medal gözləyən hər kəsi məyus edib. Belə ki, Mixailin səhvə görə yüksək cərimə xalı alması onu sıralamada 25-ci edib.

 

Qeyd edək ki, Dünya Çempionatının ardınca, Sankt Peterburq şəhərində Dünya Yaş Qrupu Yarışları start götürəcək. Bu turnirdə ölkəmizi təmsil edəcək bütün gimnastlarımıza uğurlu çıxışlar arzulayırıq. 

Müəllif: Bəhruz MƏMMƏDOV