İslam Abbasov dünya üçüncüsü oldu

ESTAFET/ Xəbər verdiyimiz kimi, bu gündən etibarən Rumıniyanın paytaxtı Buxarest şəhərində 23 yaşadək güləşçilər arasında dünya çempionatına start verilib. Azərbaycan yığması güləşin hər 3 növündə (yunan-Roma, sərbəst və qadın) mundiualın mükafatlarına iddialılardan olacaq. 

 

Bu gün "klassiklər"in yarışında güləşçilərimizdən 2-si mübarizəyə qoşulub.

 

63 kq çəki dərəcəsində yarışan Ramiz Məmmədov 1/8 finalda macar rəqibi Marton Jasz üzərində 9:0 hesablı qələbə qazanıb. Lakin 1/4 finalda iranlı Meysəm Dalxaniyə minimal hesablı məğlubiyyət (4:5) qaçılmaz olub. İran güləşçisinin yarımfinalda məğlub olması təmsilçimizin bürünc şansını da itirib. 

 

87 kq çəkidə mübarizəyə qoşulan İslam Abbasov mundiala uğurlu start verib. İslam ardıcıl olaraq, yapon Kanta Şiokava (9:0) və gürcü Qurami Xetsurianini (2:1) məğlub edərək yarımfinala çıxıb. Burada ukraynalı güləşçi Semyon Novikova 5:8 hesabı ilə məğlub olan İslam mundialın bürünc medalı uğrunda güləşib. Bürünc uğrundakı görüşdə onun rəqibi Misir güləşçisi olub. Görüş 3:3 hesabı ilə başa çatıb. Son xal prinsipinə görə təmsilçimiz mundialı bürünclə başa vurub. 

Müəllif: Natiq NƏSİROV