Velosipedçimiz Portuqaliyada 3-cü oldu
ESTAFET/ Portuqaliyada trek velosipedi üzrə ənənəvi “Prova Internacional Municipo de Anadia” turnirinə yekun vurulub. Beynəlxalq Velosipedçilər İttifaqının 1-ci kateqoriyalı yarışı Azərbaycanın Elit yığma komandasının üzvü Sergey Omelçenko üçün uğurlu nəticə ilə yadda qalıb.
Keyrin növündə mübarizə aparan təmsilçimiz təsnifat yürüşünü inamla keçərək final mərhələsinə vəsiqə qazanıb. Həlledici yürüşdə İspaniya və Kanadanın 2, İtaliyanın isə 1 idmançısı ilə mübarizə aparan velosipedçimiz finiş xəttini 3-cü keçib və Anadia turnirinin bürünc medalına layiq görülüb. İtaliyalı Francesko Sesi 1-ci, ispan Xose Moreno Sançes isə 2-ci olub.
Nüfuzlu yarışda əldə etdiyi bürünc medal Sergey Omelçenkoya həm də 160 reytinq xalı qazandırıb. Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, trek növündə yarışan velosipedçilər Yay Olimpiya Oyunlarına 2 il qalmış iştirak etdikləri yarışlarda reytinq xalları toplamaqla 4 illiyin zirvə yarışına lisenziya əldə edirlər.