"Qəbələ"nin Antalyada son sınağı
ESTAFET/ Mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar”ın Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışındakı son rəqibi Macarıstanın MTK klubu olacaq. Budapeşt təmsilçisi ilə görüş “Titanik” otelinin meydançalarında baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Əsası 1888-ci ildə qoyulan Budapeşt təmsilçisi 131 illik zəngin tarixə malikdir. 23 dəfə Macarıstan çempionu olan MTK 12 dəfə ölkə kubokunu, 2 dəfə Superkuboku başı üzərinə qaldırıb. 1964-cü ildə isə budapeştlilər UEFA Kuboklar Kubokunun finalçısı olub. Ötən mövsüm aşağı liqada çempion olan MTK cari çempionatda yenidən yüksək dəstədə mübarizə aparır. 18 oyunda 27 xal toplayan komanda qış fasiləsinə 6-cı pillədə yollanıb.
“Qəbələ” və MTK avrokuboklarda da qarşılaşıb. UEFA Avropa Liqasının 2016-2017-ci illər mövsümündə komandalar II təsnifat mərhələsində üz-üzə gəlib. Hər iki görüşdə qalib gələn “qırmızı-qaralar” mərhələ adlayıb. Komandamız səfərdəki ilk oyunda 2:1, evdə isə 2:0 hesabı ilə qələbə qazanıb.
Xatırladaq ki, “Qəbələ” bunadək Antalyada 2 yoxlama oyununda qüvvəsini sınayıb. Almaniyanın “Meppen” (1:2) və Rusiyanın “Yenisey” (2:2) klubları ilə görüşən “qırmızı-qaralar”ın “Fakel”lə (Rusiya) matçı əlverişsiz hava şəraiti üzündən ləğv olunub.
Yoxlama oyunu
26 yanvar
19:00. “Qəbələ” – MTK (Macarıstan)
“Titanik” otelinin meydançaları