3-cü Avropa Oyunlarına daha bir şəhər iddia edir
ESTAFET/ Rusiya Olimpiya Komitəsi 2023-cü ildə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi üçün Kazan şəhərinin namizədliyini verməyə hazırdı. Bu haqda Komitənin prezidenti Stanislav Pozdnyakov məlumat verib.
"Kazan növbəti Avropa Oyunlarının keçirilməsi üçün öz namizədliyini irəli sürüb. Rusiya Olimpiya Komitəsi bu qərarı tam dəstəkləyir və öz tərəfindən hərtərəfli birgə fəaliyyətə hazırdır. Bu istiqamətdə region rəhbərliyi və Olimpiya Komitəsi ilə birlikdə işləyəcəyik" - deyə Komitə sədri qurumun mətbuat xidmətinə açıqlama verib.
2023-cü il Oyunlarının keçirilməsinə Mançester (Böyük Britaniya) və Hayfa (İsrail) şəhərləri də iddia edir.
Xatırladaq ki, 1-ci Avropa oyunları paytaxtımız Bakıda keçirilib. 2-ci Avropa Oyunları isə bu ilin iyulunda Minsk (Belarus) şəhərində keçiriləcək.