Üç klubda 150 oyun

ESTAFET/ “Zirə”nin futbolçusu Sadio Tounkara Premyer Liqada 150-ci oyununu keçirib. Bu, XXI turun “Keşlə” ilə ev oyununa təsadüf edib.

“Qartallar”ın 2:0 hesablı qələbəsi ilə başa çatan matçda meydana sonradan daxil olan malili yarımmüdafiəçi yubiley görüşünü keçirib.

27 yaşlı legioner bu oyunlarda 20 qol vurub. O, 150 qarşılaşmanı üç müxtəlif klubun heyətində keçirib.

Azərbaycan çempionatında 2011/12 mövsümündə debüt edən Tounkara 5 il şərəfini qoruduğu “Xəzər Lənkəran”ın heyətində 105 qarşılaşmada 16 dəfə fərqlənib.

2016/17 mövsümünü AZAL-da keçirən yarımmüdafiəçi paytaxt klubunda 13 çempionat matçına çıxıb.

“Zirə”də ikinci mövsümdür çıxış edən afrikalı bu müddətdə 32 oyunun iştirakçısı olub. O, bu komandada 4 qol vurub. 

Mənbə: Matç

Müəllif: Bəhruz MƏMMƏDOV