BOS-da cüdo hakimlərinin seminarı keçirilib

ESTAFET/ Bakı Olimpiya Stadionunda Azərbaycan Cüdo Federasiyasının hakimlərinin toplanışı keçirilib. Referilər əvvəlcə fiziki hazırlıq ürzə normativləri yerinə yetiriblər. Sonra cüdo üzrə milli komandaların təlim-məşq bazasında baş tutan seminarda respublika daxili yarışlar zamanı yaşanan problemlər təhlil olunub və onların aradan qaldırılması üçün fikir mübadiləsi aparılıb. Ölkə çempionatlarından hazırlanan, eləcə də Beynəlxalq Cüdo Federasiyasının təqdim etdiyi video materiallar izlənilib, baş verən hakim səhvlərinin analizi aparılıb. Azərbaycan Cüdo Federasiyası Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli referi Mətin Rəhimli toplanışda hakimlərin məhsuldarlığının və nəticələrin effektli oldugunu bildirib: "Hakimlik zamanı bəzən elə səhvlər olur ki, heç onun izahını qaydalarda tapa bilmirsən. Sonradan beynəlxalq qaydalar şurası toplaşıb onu qaydalara salırlar. Ümumi götürdükdə, hakimlərimizin hamısı nəzəri biliklərdən uğurla keçdilər. Onlar normativləri də yerinə yetirdilər. Bizi razı salan məqamlardan biri hakimlərimizin oyun qaydaları dilində danışmağı bacarmasıdır. Artıq onlar Beynəlxalq Cüdo Federasiyasının müəyyən kriteriyaları çərçivəsində epizodlara ona uyğun şəkildə münasibət bildirirlər. Fiziki hazırlıq üzrə məşqlərimiz də yüksək səviyyədə keçdi və hakimlərimiz məhsuldarlıq nümayiş etdirdilər. Toplanışda hakimlər ilk dəfə olaraq bir yox, iki normativi ödədilər. Bir sözlə, bu toplanışda irəliləyiş daha çox oldu." 

Müəllif: Natiq NƏSİROV