“Azəryol” çempionluğu rəsmiləşdirdi
ESTAFET/ Qadın həndbolçuların Azərbaycan çempionatında mübarizə sona yaxınlaşır. Yarışın 19-cu turu da imkanları yüksək qiymətləndirilən komandaların qələbəsi ilə yadda qalıb. Ötən tur əsas rəqibinə qalib gələn “Azəryol” “İdman Akademiyası”na da aman verməyib – 40:27. Bu qələbə ilə “Azəryol” çempionluğunu rəsmiləşdirib.
“Azərsu” – “Qarabağ” görüşü isə daha gərgin mübarizə şəraitində keçib. Meydançaya qələbə üçün çıxan “Azərsu” rəqibin ciddi müqavimətinə baxmayaraq, tapşırığın öhdəsindən gəlməyi bacarıb – 30:29.
20 oyundan 36 xal toplayan “Azəryol” son turun nəticələrindən asılı olmayaraq, zirvəni heç kimlə bölüşməyəcək. “Azərsu” 34 xalla ikinci pillədə qərarlaşıb. 3-cü pillədəki “Qarabağ”ın 20 xalı var. “İdman Akademiyası” 9 xalla 4-cü, “Olimpiya” 7 xalla 5-ci yerdədir. Bütün oyunlarda məğlub olan “Gənclər Birliyi” yarışın autsayderidir.
Qeyd edək ki, Azərbaycan çempionatına aprelin 27-də yekun vurulacaq.