Velosipedçimiz “Ronde des Combattants” turunda

ESTAFET/ Dünya Velosiped Mərkəzində (WCC) təlim keçən şosse velosipedi üzrə U23 yığma komandamızın üzvü Musa Mikayılzadə adı çəkilən Mərkəzin komandasının heyətində Fransada daha bir yarışda iştirak edib – təmsilçimiz 4 mərhələdən ibarət “Ronde des Combattants” turunda mübarizə aparıb.

Yarışın 1-ci mərhələsində iştirakçılar 10,4 km məsafəyə komanda ötüşməsində güclərini sınayıblar – velosipedçimizin heyətində yer aldığı Dünya Velosiped Mərkəzinin komandası 8-ci olub.

146,6 km-lik 2-ci mərhələdə Musa Mikayılzadə finiş xəttini 32 nəfərlik qrupda keçib və fotofinişə əsasən 19-cu yeri tutub. 61 və 62 km-lik 3-cü və 4-cü mərhələlərdə isə müvafiq olaraq 35 və 16-cı nəticə göstərən Musa məşqçi tapşırığına əsasən daha çox komanda yoldaşlarını finişə çatdırmaq missiyasını yerinə yetirib.

Məhz onun köməkliyi ilə Dünya Velosiped Mərkəzinin komandasının üzvlərindən venesuelalı Yurgen Klesman Ramirez 2-ci mərhələdə 2-ci, eritreyalı Henok Mulueberhan isə 3-cü mərhələdə 5-ci yeri tutub. Yeri gəlmişkən, sonuncu həm də yarışın ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan köynəyi də qazanıb. 

Müəllif: Natiq NƏSİROV