"Qalatasaray" 18-ci dəfə Türkiyə kubokuna sahib oldu
ESTAFET/ Futbol üzrə Türkiyə Kubokunun sahibi müəyyənləşib. Bu mükafata finalda "Akhisarspor"a 3:1 hesabı ilə qalib gələn "Qalatasaray" sahib olub.
Matçda bütün qollar ikinci hissədə vurulub. Hesabı 56-cı dəqiqədə "Akhisarspor"un futbolçusu Elvis Manu açıb. Bundan 6 dəqiqə sonra "Qalatasaray"ın oyunçusu Mbaye Dianye penaltidən yararlana bilməyib. 75-ci dəqiqədə baş hakim Suat Arslanboğa VAR sisteminə müraciət etdikdən sonra yenidən penalti təyin edib. Buna etiraz edən"Akhisarspor"un müdafiəçisi Migel Lopes ard-arda iki sarı vərəqə alaraq, meydandan qovulub. Penaltini isə Sinan Gümüş dəqiq yerinə yetirib.
88-ci dəqiqədə Sofyan Fequli "sarı-qırmızılar"ı hesabda önə çıxarıb. Oyunda son nöqtəni isə Dianye 90+4-cü dəqiqədə qoyub.
Beləliklə, "Qalatasaray" tarixi ərzində rekord sayda - 18-ci dəfə Türkiyə Kubokuna sahib olub. Bunlardan 3-ü isə Fatih Terimin baş məşqçi olduğu dövrə təsadüf edib.
Mənbə: Report