Karateçimiz Seriya A-nın finalında

ESTAFET/ Qadınlardan ibarət milli komandanın lideri İrina Zaretska (68 kq) İstanbulda Karate1 Seriya A turnirinin finalına yüksəlib.

Dünya reytinq cədvəlinin ikincisi olduğundan yarışa növbəti dövrədən qatılan idmançımız bir-birinin ardınca Luana Debattini (Belçika) 8:0, Çeril Mörfini (USA) 1:0, Kiriaki Kidonakini (Yunanıstan) 4:0, Miroslava Kopunovanı (Slovakiya) 1:0 hesabı ilə məğlub edərək yarımfinala çıxıb. Bu mərhələdə Someya Kayo (Yaponiya) ilə görüşü xalsız bərabərliklə başa vursa da, hakimlərin qərarı ilə (Hantei) 3:2 hesablı qələbə qazanıb. Zaretskanın bazar günü finalda rəqibi Marina Rakoviç (Monteneqro) olacaq.

Milli komandanın liderlərindən Rafael Ağayev (75 kq) yarışın son günü döyüşəcək. Onun ilk rəqibi Jakonşox İbroximov (Özbəkistan) olacaq. Komandanın digər üzvü Vüsal Kamallı da eyni çəki dərəcəsində bazar günü tatamiyə çıxacaq.

Seriya A turnirində 102 ölkədən 1813 karateçi iştirak edir.  

Müəllif: Natiq NƏSİROV