3x3 basketbol turniri başa çatdı

ESTAFET/ Xırdalan AAAF Parkının açıq basketbol meydançasında keçirilən 3x3 basketbol turniri başa çatdı.

Mayın 19-na təsadüf edən final mərhələ olduqca dramatik və çox gərgin mübarizə şəraitində keçdi. Belə ki U12 yaş qrupunda (qızlar) "Gold Fives" komandası UGİM 10 həmyaşıdlarını məğlub edərək (3:1) turnirin bürünc medallarını qazandı.

U14 yaş qrupunda 1-ci yer uğrunda qarşılaşmada "Sumqayıt" komandasının qızları Ankaranın "Zirvə"sinə layiqli dirəniş göstərdi. Amma oyunun sonunda türkiyəlilərin fiziki hazırlığı öz sözünü dedi və sumqayıtlılar 4:8 hesabıyla məğlub olaraq 2-ci yerə layiq görüldülər.

Oğlanların U12 yaş qrupunda ilk olaraq "Elitar"liseyinin basketbolçuları 3-cü yer uğrunda Ankaranın "Zirvə"komandası ilə qarşılaşdı. Bu qarşılaşmada "Elitar"cüzi fərqlə "Zirvəyə"məğlub oldu 4:6.

Daha sonra meydana U14 yaş qrupunda (oğlanlar) "Təhsil" və Ankaranın "Zirvə"basketbolçuları çıxdı. Turnirin ən dramatik qarşılaşması məhz bu oyun oldu. Belə ki, xala-xal gedən mübarizədə "Təhsil"in yetirmələri qələbəyə çox yaxın idi. Amma cərimə atışlarından faydalana bilməyən basketbolçularımız əsas vaxtı bərabər hesabla bitirdilər 12:12. Əlavə vaxtda isə "Zirvə" 2 xal fərqi ilə qələbəyə nail olaraq qızıl medalları qazandı. Beynəlxalq turnirin yekununda qaliblərin təntənəli mükafatlandırma mərasimi keçirildi. Qeyd edək ki, oğlanlar arasında "Təhsil" komandasının yetirməsi Taleh Mahmudzadə turnirin ən yaxşı oyunçusu adına layiq görüldü. 

Müəllif: Estafet.az