“Oyunların əhəmiyyətini hamımız dərk edirik”: Yurçeviç

ESTAFET/ Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç mətbuat konfransı keçirib. “Bakcell Arena”da media nümayəndələri qarşısına çıxan xorvatiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

 

- Xeyli müddət idi sizləri görmürdüm. Burdakı jurnalistlərin sayını görmək oyunun əhəmiyyətindən xəbər verir. Hazırlıq planının detalları barədə sizləri məlumatlandırım. Əvvəlki toplanışla indiki arasındakı fərq böyükdü. İlk dəfə 5-6 günlük yığışmışdıqsa, bu dəfə daha çox vaxtı birgə keçirəcəyik. Ancaq bu dəfə bir qədər qəliz toplanış olacaq. Elə futbolçularımız var ki, mayın 11-də mövsümü bitiriblər, elələri də var ki, son anda bizə qoşula biləcəklər. Toplanışa 16 futbolçuyla başlamışıq. Bu sayda futbolçuyla ayın 24-dək davam edəcəyik. Nazarov, Dadaşov qardaşları, Əli Babayev, Bəhlul Mustafazadə 24-dən qoşulacaqlar. Son 1 həftədə isə Balayev, Paşayev, Şeydayev və İsrafilov sıralarımıza qoşulacaq. Qarşılaşmalara motivasiyamız yüksək dərəcədədi. İstər məndə, istərsə də futbolçularda. Təəssüf ki, 3-4 futbolçu bizə yalnız son 1 həftədə qoşulacaq. Nikbin əhval-ruhiyyədəyik. İnanıram ki, stadion dolacaq və arzuladığımız nəticəni birlikdə əldə edəcəyik. Heyətə dəvət alan 27 futbolçunun hər birinin zədədən qurtulacağına ümid edirəm və sonda 3 futbolçu kənarda qalacaq. Hər halda, məhz tam heyətdən seçim etmək istəyirəm. Onu da əlavə edim ki, iyunun 1-də U-21 yığması ilə qarşılaşacağıq.

 

- 27-lik maksimumdu, yoxsa əlavə futbolçu da dəvət ala bilər?
- Bəli, son siyahı 27 futbolçudan ibarətdi.

 

- Şahruddin xeyli səhvlərlə yadda qalır. Onun dəvətinə aydınlıq gətirərdiniz...
- Son toplanışımızda Şahruddin bizimlə olub. Qapıçıların işinə qiymət vermək Dmitri Kramarenkonun preroqativasıdı. Onun seçiminə güvənirəm.

- Yoxlama görüşü üçün sınaqçı-rəqib tapılmadı və U-21-lə qarşılaşmalı olacaqsınız. Bu faktor hazırlıq planlarınıza mənfi təsir göstərməyəcək?
- Düşünmürəm ki, bu, bizə ciddi problem yarada. Analoji vəziyyət digər yığmalarda da yaranıb. Onsuz da göstərilən tarixdə tam heyətlə meydana çıxa bilməyəcəyik. Bəzən elə olur ki, istədiyini edə bilmirsən. Hansısa “pəncərə”lər planlarımızla uyğun gəlmirsə, bununla barışmalıyıq. Məsələn, Xorvatiya yığması 4-cü divizion komandasına qarşı oynayacaq. Bir çox ölkələr iyundakı oyunları sevinclə qarşılamır. Ancaq bütün hallarda, elə hazırlaşmalıyıq ki, ən yüksək səviyyədə olaq.

 

- Qarşıdakı 2 oyunda minimal hədəfiniz neçə xaldı?
- İndidən hansısa proqnoz vermək istəmirəm. Konkret neçə xal toplayacağımızı deyə bilmərəm. Əlbəttə ki, maksimum səylə oynayacağıq. Bacardığımızın ən yaxşısını ortaya qoymalıyıq ki, uğurlu olaq. Özümüzdən razı olmaq üçün əsasımız yoxdu.

 

- Millimizin ağrılı yerlərindən birincisi funksional hazırlığın aşağı olmasıdı. Bu üzdən də cütlü oyunlardan ikincisində daim büdrəyirlər. Bunu nəzərə alaraq, ilk qarşılaşmayla müqayisədə, ikincidə radikal dəyişikliklər gözlənilirmi?
- Bütün diqqətimizi ilk oyuna yönəltməliyik. İkinci oyunu fikirləşmək hadisələri qabaqlamaqdı. Birinci matçda uğurlu olsaq, həm fiziki, həm də mənəvi baxımdan böyük üstünlük olar. Ancaq futbol tarixində elə bir hal yaşanmayıb ki, ilk oyunda çıxan “11-liy”i tam şəkildə dəyişəsən. Bütün hallarda, ciddi dəyişikliyə zərurət duymuram. Gəlin, tələsməyək. İlk görüşü keçirdikdən sonra qəti qərar verə biləcəm.

 

- Qapını kimin qoruyacağına dair qərarınızı qətiləşdirmisinizmi?
- İndiki duruma görə desəm, Xorvatiya və Litvayla oyunlardan fərqli olmayacaq. Hesab edirəm ki, Səlahət Ağayev həmin oyunlarda müəyyən kredit qazanıb.

 

- Vaxtilə Türkiyədən milliləşmiş futbolçular var. Onlarla maraqlanmısınızmı və dəvət etmək planlarınıza daxildirmi?
- Azərbaycan millisində oynaya biləcək bütün futbolçuları izləyirəm. Məsələn, Dəniz Yılmaz çox az oyun praktikası qazanır. Ümid edirəm ki, milliyə potensial namizədlər daha çox oyun praktikası qazanarlar.

 

- “Trabzonspor”un futbolçusu Ak Pınar hələ ki hansı millidə oynayacağına dair qərar vermədiyini bildirib...
- Bu futbolçunu tanımıram. Əgər bu gənc bizim üçün faydalı olarsa, əlbəttə ki, onu cəlb etməyə çalışarıq.  

Müəllif: Bəhruz MƏMMƏDOV