"Qəbələ"nin rəqibi müəyyənləşəcək

ESTAFET/ “Qəbələ”nin 2019-2020-ci illər mövsümündəki ilk rəqibi sabah müəyyənləşəcək. Azərbaycan kubokunun qalibi kimi UEFA Avropa Liqasına qatılacaq “qırmızı-qaralar” mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Bu raundun püşkatması UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Püşkatmada I təsnifat mərhələsinin 47 cütü (bunlardan yeddisində ilkin mərhələnin cütü yer alıb) və ilk raunddan azad olan 27 klubun rəqibləri bəlli olacaq. İştirakçılar UEFA reytinqinə görə iki səbətə bölünüb. Cütlərdə əmsalı yüksək olan komandalar nəzərə alınıb. “Qəbələ” püşkatma zamanı səpələnmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, komandamız səpələnməmişlərdən biri ilə görüşəcək.

“Qırmızı-qaralar” üçün 32 variant mümkündür. Azərbaycanın digər klubları “Neftçi” və “Səbail”in, həmçinin Ermənistan komandalarının yer aldığı üç cüt “Qəbələ”yə rəqib ola bilməz. Sənan Qurbanovun yetirmələrini püşkdə gözləyən variantlardan beşində rəqib bəlli olacaq. Bunlar mübarizəyə birbaşa II təsnifat mərhələsindən start verəcək AEL (Kipr), “Hakken” (İsveç), “Vitorul” (Rumıniya), “Lexiya” (Polşa) və “Lokomotiv” (Plovdiv, Bolqarıstan) klublarıdır.

Təmsilçimizin avrokuboklardakı ilk rəqibi I təsnifat mərhələsindən sonra da dəqiqləşə bilər. Belə ki, püşkdə 30 cüt “qırmızı-qaralar”a düşə bilər. Bunlardan dördündə ilkin mərhələ iştirakçıları da yer alıblar: “Breydablik” (İslandiya) - “Vaduts” (Lixtenşteyn), “Brann” (Norveç) - “Şemrok Rovers” (İrlandiya), “Vitebsk” (Belarus) - “Kuopio” (Finlandiya), “Konnak” (Uels) - "Kilmarnok" (Şotlandiya), "Radniçki" (Serbiya) - “Flora” (Estoniya), "Ordabasi" (Qazaxıstan) - “Torpedo” (Gürcüstan), MOİK (Bolqarıstan) - "Titoqrad" (Monteneqro), "Makkabi" Hayfa (İsrail) - "Mura" (Sloveniya), "Jeness" (Lüksemburq) - "Tobol" (Qazaxıstan), "Debretsen" (Macarıstan) - "Kukesi", (Albaniya), “Kork Siti” (İrlandiya) - “Progres” (Lüksemburq)/“Kardiff MU” (Uels), “Kruzaders” (Şimali İrlandiya) - "B-36 Torshavn" (Farer adaları), “Şaxtyor” (Belarus) - “Hibernian” (Malta), "Levski" (Bolqarıstan) - "Rujomberok" (Slovakiya), "Akademiya Pandev" (Şimali Makedoniya) - "Zrinski" (Bosniya və Herseqovina), “Fola” (Lüksemburq) - “Çixura” (Gürcüstan), "Olimpiya" (Sloveniya) – “Riqa” (Latviya), “Ventspils” (Latviya) - "Teuta" (Albaniya), "Krakoviya" (Polşa) - “Dunayska Ştreda” (Slovakiya), “Şiroki Briyeq” (Bosniya və Herseqovina) - “Kayrat” (Qazaxıstan), "Dinamo" (Gürcüstan) - “La Fiorita” (San-Marino)/“Enqordani” (Andorra), “Barri Taun” (Uels)/“Kliftonvill” (Şimali İrlandiya) - “Hoqesun” (Norveç), “Styarnan” (İslandiya) - “Levadiya” (Estoniya), "Riterlai" (Litva) - “Tre Fiori” (San-Marino)/ “Klaksvik” (Farer adaları), "Domjale" (Sloveniya) - "Baltsan" (Malta), "Buduçnost" (Monteneqro) - “Trans” (Estoniya). 

Müəllif: Məsim MƏSİMZADƏ