"Yeni mövsümə ciddi hazırlaşırıq": Emin Mahmudov

ESTAFET/ "Neftçi”nin futbolçusu Emin Mahmudov klubun rəsmi saytına müsahibə verib. Təlim-məşq toplanışını və yeni transferləri dəyərləndirən kapitan azarkeşlərə səslənib.

- Kapitan, yeni mövsümə hazırlıqlar necə gedir?

 Toplanışın başlanğıcıdı deyə, əsas diqqət fiziki hazırlığa yönəlib. Çoxlu qaçış təmrinləri olur. Hamı istəkli məşq edir. Yeni mövsümə ciddi hazırlaşırıq.

- Komandaya yeni qoşulanlar necə təsir bağışlayır? İlk təəssüratların necədir?

 Yeni transferlər özlərini göstərmək vəziyyətində deyillər. Onlar qaçırlar (gülür). Yenilərin hamısı Azərbaycan çempionatının içtirakçısı olduğu üçün biz onların səviyyəsinə bələdik. Əminəm ki, yenilər komandamızı daha da gücləndirəcəklər.

- "Neftçi” kimi böyük komandanın kapitanı olmaq necə hissdir?

 Məsuliyyətimi dərk edirəm. Bunadək meydanda var gücümlə oynayırdım, belə də davam edəcəm. Bu mənada heç nə dəyişməyəcək. Təbii ki, belə bir komandanın kapitanı olmaq çox xoşdur.

- Komandamızın lideri olaraq Avroliqa və çempionatdan gözləntilərin nədir?

 İndi gurultulu bəyanatlar verməyəcəm. Bizə oyundan oyuna artırmaq, bütün matçlarda qələbə qazanmaq və yalnız bu haqda düşünmək lazımdır.

- Bu yolda azarkeşlərimizə bir kapitan olaraq nə demək istərdin?

 Azarkeşlərə demək istəyirəm ki, komandaya inanmağa davam etsinlər, sonadək dəstəkləsinlər. Hansısa dedi-qodulara görə komandadan üz döndərməsinlər. 

Müəllif: Natiq NƏSİROV