Karateçilər Avropa Oyunlarına uğurla başladı

ESTAFET/ Azərbaycan karateçiləri Belarusun paytaxtı Minskdə 2-ci Avropa oyunlarınında çıxış etdikləri ilk gün 3 medal qazanıblar.

Çijovka Arenada tatamiyə çıxan idmançılarımızın hər biri oyunları müxtəlif əyarlı medallarla başa vurub. 5 görüşü qələbəylə tamamlayan Asiman Qurbanlı (+84 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev, milli komanda baş məşqçisi Bahəddin Kandaz) yarışın qalibi olub. Finalda qələbəni əldən verən İrina Zaretska (-68 kq, şəxsi məşqçisi Yaşar Bəşirov, milli komanda baş məşqçisi Denis Morozov) gümüş medala, Roman Heydərov (kata, şəxsi məşqçisi Vüqar Kərimov, milli komanda baş məşqçisi Vahid Ayvazov) isə bürünc mükafata sahib olub. Karateçilərin qazandığı qızıl, gümüş və bürünc medallar ümumi komanda hesabında Azərbaycanı ilk onluğa (9-cu yer) daxil edib.

Bu nəticə, həm də ertəsi gün mübarizəyə qatılan digər 4 karateçimiz üçün əlavə stimul yaradıb. 2-ci Avropa Oyunlarının son günü Nuranə Əliyeva (-50 kq), Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq) və Rafael Ağayev (-75 kq) medallar uğrunda mübarizə aparacaq.

Yarışın formatına əsasən hər çəki dərəcəsində 2 qrupa bölünən 4 idmançıdan ən yüksək nəticə göstərən ikisi yarımfinala vəsiqə qazanmaqla, bürünc medalları da təmin etmiş olacaq.  

Müəllif: Bəhruz MƏMMƏDOV