Amerikanın ən güclüsü müəyyənləşdi
ESTAFET/ Futbol üzrə Amerika Kubokunun qalibi müəyyənləşib. Braziliyanın ev sahibliyi etdiyi qitə birinciliyinin finalında Braziliya və Peru yığma komandaları üz-üzə gəlib.
Qarşılaşmada hesabı 15-ci dəqiqədə Braziliya yığmasının üzvü Everton açıb. 44-cü dəqiqədə Peru yığmasının üzvü Gerrero penaltini qola çevirməklə hesaba tarazlıq gətirib. Amma cəmi 1 dəqiqə sonra meydan sahibləri daha bir qol vurmaqla yenidən hesabda önə keçiblər. İkinci qolun müəllifi Qabriel Jesus 70-ci dəqiqədə meydandan qovulmaqla Braziliya yığmasının işini çətinə salıb. Buna baxmayaraq, 90-cı dəqiqədə Riçarlison penaltini qola çevirməklə meydan sahiblərinin üstünlüyünü daha da möhkəmləndirib – 3:1.
Beləliklə, Braziliya yığması tarixində 9-cu dəfə Amerika Kubokunun qalibi olub. Bu komanda daha öncə 1919, 1922, 1949, 1989, 1997, 1999, 2004 və 2007-ci illərdə də qitə çempionu olmuşdu. Amerika Kubokunu ən çox qazanan kollektivlər isə Uruqvay (15 dəfə) və Argentinadı (14).