Arzu Cəlilova ikiqat Dünya mükafatçısı oldu

ESTAFET/ Bu gün, Rusiyanın paytaxtı Moskva şəhərində bədii gimnastika üzrə gənclər arasında ilk Dünya Çempionatı yekunlaşıb.

Azərbaycan yığma komandasının üzvü, fərdi proqramda ölkəmizi təmsil edən Arzu Cəlilova çempionatda iki medal qazanıb. Gənc gimnastımız ilk olaraq, iplə kompozisiyasına görə 17.400 xalla bürünc medala sahib olub. Arzunun ikinci final çıxışı isə top ilə olub. Təmsilçimiz bu proqramda daha da uğurlu performans nümayiş etdirərək, 19.200 xalla gümüş medala layiq görülüb.

Digər fərdi gimnastımız Nərminə Səmədova da bu gün xalça üzərində iki final çıxışı icra edib. Nərminə gürzlərlə 16.700 xal toplayaraq 7-ci, lent ilə çıxışına görə isə 15.825 xalla 5-ci yerdə qərarlaşıb.

Qrup hərəkətləri komandalarına gəldikdə isə Azərbaycan təmsilçiləri Fəridə Səfiyarzadə, Selcan Hacızadə, Ləman Əlimuradova, Milana Əkbərova və Mədinə Əsədova 5 halqa ilə icra etdikləri kompozisiyalarına görə finalçılar arasında olublar. Gənclərdən ibarət komandamızın final çıxışı 19.950 xalla dəyərləndirilib və onlar çempionatı 7-ci olaraq bitiriblər.  

Müəllif: Bəhruz MƏMMƏDOV