Cüdoçularımız Olimpiya Festivalına 1 qızıl və 2 bürünc medalla başladılar
ESTAFET/ Bakıda keçirilən Gənclərin Avropa Olimpiya Festivalında cüdo yarışlarına start verilib. Azərbaycan cüdoçuları mötəbər çempionata uğurla başlayıblar.
Milli komandamız ilk yarış günündə aktivinə 3 medal yazdırıb. 60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Cüdoçumuz Avstriya, Yunanıstan, Türkiyə və Rusiya idmançılarını məğlub edərək Olimpiya Festivalının qalibi olub. Daha 2 cüdoçumuz bürünc medala layiq görülüb. Gülşən Bəşirova (44 kq) və Şükran Zamanlı yalnız bir görüşdə uduzaraq 3-cü yeri tutublar. İyulun 25-də qızlar 52, 57 və 63 kq, oğlanlar isə 66 və 73 kq çəki dərəcələrində mübarizə aparacaqlar.
Qeyd edək ki, Olimpiya Festivalına 40 ölkədən 297 cüdoçu qatılıb. Onlardan 165-i oğlan, 132-i qadındır. Heydər Əliyev adına İdman Sarayında baş tutan cüdo yarışlarına saat 10:30-da start verilir.