Rüstəmdən gümüş, Hidayətdən bürünc medal
ESTAFET/ Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Mötəbər yarışın 3-cü günü Azərbaycan millisi üçün uğurlu olub.
73 kq çəkidə mübarizə aparan kişi cüdoçularımızdan Rüstəm Orucov gümüş, Hidayət Heydərov isə bürünc medal qazanıb. Birinci mərhələdən azad olan Rüstəm Orucov ardıcıl olaraq Vadzim Şoka (Belarus), Georgios Markaryan (Yunanıstan) və Konstantin Qabuna (Kanada) qalib gələrək, 1/4 finala adlayıb. O, yarımfinal yolundakı rəqibi Tohar Butbula (İsrail ) da heç bir şans verməyib.
Hidayət Heydərov da yarışa uğurlu start götürüb. O da Orucov kimi, ilk mərhələdən azad olub. Müvafiq olaraq Friqyes Zabo (Macarıstan) və Musa Moquşkovu (Rusiya) üstələyən idmançımız 1/8 finala yüksəlib. Onun bu mərhələdəki qurbanı da Erik Ham (Böyük Britaniya) olub. Heydərov 1/4 finalda Behruzi Xocazodaya (Tacikistan) da eyni aqibəti yaşadıb.
Yarımfinal mərhələsində Azərbaycan dueli baş tutub. Belə ki, Rüstəm Orucovla Hidayət Heydərov finala vəsiqə uğrunda üz-üzə gəlib. Rəqibinə qalib gələn Rüstəm həlledici görüşə yüksəlib. Ancaq Orucov "qızıl" uğrundakı rəqibi yaponiyalı Şohei Onoya yenilərək, gümüş medala layiq görülüb. Heydərov isə bürünc medal qazanmağa müvəffəq olub. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Somon Mahmadbekovu (Tacikistan) üstələyib.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatına sentyabrın 1-də yekun vurulacaq.