Məşqçi və idmançılarımız beynəlxalq məşq düşərgəsi və elmi seminarda iştirak ediblər

ESTAFET/ 19-24 avqust tarixlərində Ukraynanın Kamenets-Podolsk şəhərində Ukrayna Ağır Atletika Federasiyasının və Avropa Ağır Atletika Federasiyasının (EWF) birgə təşkilatçılığı ilə EWF-in ənənəvi “Məşq düşərgəsi və elmi seminarı” təşkil olunub. Tədbirə 20 ölkədən gənc idmançı və məşqçilər qatılıb. Onların arasında 4 nəfər Azərbaycan təmsilçisi də olub. İdmançılardan Nurlan Məmmədzadə və Rahilə Hüseynova, məşqçilərdən isə Təranə Abbasova və Emil Əliyev seminar və məşqlərdə iştirak ediblər.

Gənc atletlər hər gün EWF-in təcrübəli mütəxəssisləri – EWF Məşqçilik Tədqiqat və Elmi Komitəsinin sədri Kolin Bakli və həmin komitənin üzvü Eduard Andryuşkeviç tərəfindən keçirilən səhər və axşam məşqlərində iştirak edib, ağır atletikada yeni çalışma metodları ilə tanış olublar. Bununla yanaşı, müxtəlif ölkələrdən olan idmançıların bir-biriləri ünsiyyət qurmaq, dostluq əlaqələri yaratmaq, təcrübə mübadiləsi aparmaq, birlikdə səmərəli və əyləncəli vaxt keçirmək imkanları olub.

Məşqçilər isə bu məşqlərlə yanaşı elmi seminarda iştirak ediblər. Onlara müasir məşqçilik istiqamətləri, yeniliklər, anti-dopinq fəaliyyəti, hazırlıqların effektiv təşkili, yeni sistemlər və başqa məlumatlar verilib, praktiki və nəzər məşğələlər keçilib. 

Müəllif: Natiq NƏSİROV