Dünya Alpaqut Federasiyası ilə “Okuklu Holding” arasında strateji əməkdaşlığa dair memorandum imzalandı

Dünya Alpaqut Federasiyası və “Okuklu Holding” arasında strateji tərəfdaşlığa əsaslanan əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumu Dünya Alpaqut Federasiyasının prezidenti Jalə Əhmədova və “Okuklu Holding”in prezidenti Yılmaz Okuklu imzalayıblar.
İmzalanan razılaşmaya əsasən, tərəflər idman və mədəniyyət sahələrində sıx əməkdaşlıq edəcək, Alpaqut döyüş sənətinin daha geniş auditoriyaya tanıdılması istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Bu əməkdaşlıq Alpaqut döyüş sənətinin həm ölkə daxilində, həm də beynəlxalq arenada tanıdılmasına, onun fəlsəfəsinin və dəyərlərinin cəmiyyətə çatdırılmasına töhfə verməyi hədəfləyir. Əlavə olaraq, əməkdaşlıq çərçivəsində Alpaqut Turan döyüş sənəti üzrə ixtisaslaşmış idman mütəxəssislərinin hazırlanması, türk mədəniyyətinin inkişafı, mədəni irsin qorunması və milli döyüş sənətimizin yeni nəsillərə ötürülməsi əsas prioritetlərdən olacaq.
Dünya Alpaqut Federasiyasının prezidenti Jalə Əhmədova bildirib ki, əldə olunan razılaşma nəticəsində Alpaqut döyüş sənəti və türk dünyasının idman-mədəniyyət ənənələri daha geniş kütlələrə çatdırılacaq, milli döyüş sənətimizin əhəmiyyəti vurğulanacaq və ölkəmizin bu sahədəki beynəlxalq nüfuzu artacaq.
“Okuklu Holding”in prezidenti Yılmaz Okuklu isə qeyd edib ki, Dünya Alpaqut Federasiyası ilə birgə keçiriləcək idman tədbirləri, yarışlar, seminarlar və festivallar, eləcə də tədqiqatların aparılması, film çəkilişləri, broşür və jurnalların nəşri kimi təşəbbüslər vasitəsilə milli mədəniyyətə və idmana marağın artırılması hədəflənir. Bundan əlavə, Alpaqut döyüş sənətinin beynəlxalq miqyasda tanıdılması və xarici media platformalarında təbliği istiqamətində birgə təşəbbüslər reallaşdırılacaq.
