Dünya Çempionatına 8500-dən çox bilet satılıb

ESTAFET/ İrimiqyaslı beynəlxalq yarışlara ev sahibliyi edən paytaxtımız daha bir çempionat üçün geri sayıma başlayıb. Belə ki, gimnastların doğma məkanı Milli Gimnastika Arenasında 7 gün sonra möhtəşəm açılış mərasimi ilə ilin ən gözlənilən yarışlardan birinə - Bədii Gimnastika üzrə 37-ci Dünya Çempionatına start veriləcək.

62 ölkə, 300-dən çox gimnast və minlərcə azarkeşi bir araya toplayacaq dünya birinciliyinə az vaxt qaldıqca bilet satışı daha da yüksəlməyə başlayıb. Bu günə olan statistikaya əsasən artıq 8500-dən çox bilet öz sahibinə qovuşub. Maraqlısı budur ki, satışın 45 %-ni onlayn sistemdən yararlanan məhz xarici azarkeşlər təşkil edir.

Gimnastika Arenası çempionat günlərində Rusiya, Türkiyə, Ukrayna, İsrail, Yaponiyadan olan fanatlarla yanaşı, Fransa, Almaniya, Bolqarıstan, İspaniya, İtaliya, Finlandiya, Xorvatiya, Niderland, Qazaxıstan, Malayziya, Meksika, Peru və Paraqvaydan olan azarkeşləri qonaq edəcək. 

Müəllif: Bəhruz MƏMMƏDOV