Millimiz Mərkəzi Anadolu Turunda iştirak edib
ESTAFET/ Türkiyənin Kayseri şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı Mərkəzi Anadolu Turu keçirilib. Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən 2 günlük yarışda milli komandamız da çıxış edib.
131 km-dən ibarət 1-ci mərhələdə komanda üzvlərimizdən Samir Cəbrayılov və Elçin Əsədov liderdən 46 saniyə geri qalmaqla müvafiq olaraq 9-cu və 10-cu olublar. 147 km-lik 2-ci yarış günündə isə finişi eyni vaxtda keçən 13 nəfərlik qrupun içərisində velosipedçilərimiz də yer alıb ki, fotofinişə əsasən Elçin 5-ci, Samir 13-cü nəticə göstərib.
2 mərhələnin yekununa əsasən ümumi təsnifatda Elçin Əsədov 7-ci, Samir Cəbrayılov isə 9-cu yeri tutub və bununla da Tokio-2020 Yay Olimpiya Oyunlarına daha 8 xal (5+3) əldə edilib.