Mövsümdə ilk, Mütəllimovdan ikinci
ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə ilk avtoqol qeydə alınıb. “Zirə”nin futbolçusu Tellur Mütəllimov “Sumqayıt”la səfər oyununda öz qapısına yol vurub. Bu, paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsinə mane olmayıb.
Bununla da Tellur ölkə çempionatlarında özünün ikinci avtoqoluna imza atıb. O, 2016-cı il martın 30-da “Zirə”nin “Kəpəz”lə səfər oyununda da eyni uğursuzluğu yaşayıb.
Mütəllimov ölkə çempionatları tarixində 1-dən artıq avtoqol müəllifi olan 24-cü futbolçudur. Onlardan 17-si iki, 7-si üç dəfə belə halla üzləşib. Hərəyə üç avtoqol vuran antirekordçular Ayxan Abbasov, Saşa Yunisoğlu, Denis Silva, Bədavi Hüseynov, Ruslan Abışov, Natiq Qasımov və Jairo Rodrigezdir.
Qeyd edək ki, çempionatların 27 illik tarixində 153 futbolçu 184 avtoqola üzülüb.