Göygöldə cüdo üzrə region birinciliyinə start verilib
ESTAFET/ Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə cüdo üzrə region birinciliklərinə start verilib. İlk yarış Göygöl Olimpiya İdman Kompleksində baş tutub. Açılış mərasimində çıxış edənlər ölkədə aparılan uğurlu idman siyasətindən danışaraq, bu kimi yarışların keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Natiqlər Azərbaycan Cüdo Federasiyasının (ACF) qarşısında duran prioritet məsələlərdən birinin də regionlarda bu idman növünün kütləviliyi və inkişaf etdirilməsi olduğunu söyləyiblər.
Bildirilib ki, federasiyanın dəstəyi ilə bir neçə bölgədə cüdo zalları yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, yeniyetmələrə kimanolar verilib, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunublar. Perspektivli yeniyetmə cüdoçuları müəyyənləşdirmək üçün hər il olduğu kimi, bu il də region yarışları keçirilməsi məqsədə uyğun hesab edilib. Azərbaycan Cüdo Federasiyası tərəfindən təşkil edilən yarışlarda əsas məqsəd həm regionlarda cüdonun inkişafı, həm də cüdomuzun gələcəyi üçün yeni parlaq nəsil yetişdirməkdir.
Qeyd edək ki, yarışlar Azərbaycan Cüdo Federasiyası tərəfindən bölgələrə ezam edilmiş federasiya rəsmiləri və idman mütəxəssisləriindən ibarət peşəkar heyətlə keçirlir.
Göygöldə Qərb bölgəsindən olan yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışırlar. Bu region üzrə birincilikdə Gəncə, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Samux və Göygöl şəhərlərinin cüdoçuları mübarizə aparıblar. Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr təqdim edilib. Bölgələrdə uğur qazanan ən perespektivli yeniyetmə cüdoçular ölkə birinciliyində mübarizə aparacaqlar.