BŞH Əməliyyat Şirkəti “Yaşıl Strategiya”-ya keçir

ESTAFET/ Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti bundan sonrakı bütün fəaliyyətini daha yaxşı gələcək naminə dayanıqlılıq çərçivəsində qurmaq üçün yeni strategiyaya - “Yaşıl Strategiya”ya keçib. Bu barədə şirkətin Kommunikasiya və Marketinq Departamentinin rəhbəri Nigar Arpadarai deyib.
Aylarla davam edən intensiv hazırlıq işlərindən sonra əməliyyat şirkəti ərsəyə gətirdiyi yeni yaşıl proqramını şirkətin bütün fəaliyyətinə yaymağa çalışacaq. Yeni strategiyaya əsasən, ekoloji məsələlərə həssaslıqla yanaşılacaq. Bu ildən etibarən “Formula-1” yarışı zamanı plastik əşyalardan istifadə azaldılacaq.
Qeyd edək ki, əməliyyat şirkəti yaşıl təşəbbüs çərçivəsində toplanmış tullantıları Bakı Autizm Mərkəzinə təhvil verəcək və mərkəz də öz növbəsində bu tullantıları əlaqədar emal müəssisələrinə verərək əldə olunan vəsaiti bu mərkəzdə xidmət görən aztəminatlı autizm uşaqlarının reabilitasiyasına sərf edəcək.
Həmçinin əməliyyat şirkəti dayanıqlılıq təşəbbüsü istiqamətində öz ofisində “Yaşıl Qaydalar”-a tam riayət olunmasını təmin etməklə bu strategiyanın şirkətdaxili mədəniyyətin ayrılmaz bir hissəsinə çevrilməsini həyata keçirməyə çalışacaq. Bu proses çərçivəsində kağız, enerji və suya qənaət olunacaq və həmçinin əməliyyat şirkətinin ofisində tullantıların çeşidlənməsi üçün xüsusi qutular yerləşdiriləcək. Bundan başqa, “Qış Bağçası” layihəsi çərçivəsində işçilərin şirkət ofisinə bitkilər gətirməsi tövsiyə olunacaq.
Nəzərdə tutulan bütün fəaliyyətləri tam reallaşdırmaq üçün əməliyyat şirkəti daxilində öz işçilərindən ibarət “Yaşıl Komitə” qurulub. Bu komitədə şirkətin bütün şöbələri təmsil olunur və komitə “Yaşıl Strategiya” ilə əlaqədar bütün ekoloji layihələrin və kampaniyaların şirkət daxilində ən yüksək səviyyədə həyata keçirilməsini təmin edəcək.






