“Azəryol” – “Azərsu” görüşündə gərgin mübarizə

ESTAFET/ Qadın həndbolçuların ölkə çempionatında VII turun görüşləri keçirilib. Günün böyük maraqla gözlənilən oyununda “Azəryol” və “Azərsu” komandaları üz-üzə gəliblər. Gərgin mübarizə vəd edən qarşılaşmada ciddi müqavimət göstərən “Azərsu” çox çalışsa da, məğlubiyyətdən yaxa qurtara bilməyib – 24:28.

Turun digər qarşılaşmasında “Qarabağ” “İdman Akademiyası”nı qəbul edib. Autsayderlə oyuna aşkar favorit qismində çıxan “Qarabağ” növbəti qələbəsini çətinlik çəkmədən qazanıb- 38:24.

Hərəyə 12 xalı olan “Azəryol” və  “Qarabağ” komandaları   çempionatın şərikli liderləridir. 3-cü pillədə qərarlaşan “Azərsu”nun 4 xalı var. Autsayder “İdman Akademiyası”nın aktivində hələ də xal yoxdur.

Dekabrın 11-də keçiriləcək növbəti oyunlarda “Azəryol” “Qarabağ”la, “İdman Akademiyası” “Azərsu” ilə qarşılaşacaq.

Müəllif: Orxan NOVRUZOV