BŞH media akkreditasiyasına start verdi

ESTAFET/ Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti 5-7 iyun 2020-ci il tarixlərində Bakıda sayca 5-ci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə yerli media nümayəndələrinin akkreditasiyası prosesinə start verib.

Azərbaycan Qran Prisi daxil olmaqla bütövlükdə 2020 FIA Formula 1 Dünya Çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur.

Yerli media nümayəndələrinin yarışa qeydiyyatı əməliyyat şirkətinin vasitəçiliyi ilə həyata keçirilir. Akkreditasiya prosesi 29 fevral 2020-ci il, saat 17:00-dək  davam edəcək. Qeydiyyatdan keçmək istəyən jurnalistlər əməliyyat şirkətinin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

Müəllif: Natiq NƏSİROV