Azərbaycan kubokunda növbəti oyunlar keçirilib
ESTAFET/ Qadın həndbolçuların Azərbaycan kuboku turniri davam edir. Yarışın qrup mərhələsində ikinci oyun günü də arxada qalıb. Meydançaya əvvəlcə “Azəryol” və “Qarabağ” komandaları çıxıblar. Ölkə çempionatında da gərgin mübarizə aparan rəqiblərin görüşü maraqla gözlənilirdi. Əksəriyyət bu qarşılaşmada “Azəryol”un imkanlarını yüksək qiymətləndirsə də oyun “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb – 32:29.
Günün digər matçında isə gözlənilən nəticə qeydə alınıb. “İdman Akademiyası” komandası çox çalışsa da, “Azərsu”nun kəskin hücumlarının qarşısını ala bilməyib. Görüş 40:28 hesabı ilə “Azərsu”nun xeyrinə başa çatıb.
Qadın həndbolçuların ölkə kuboku yarışında qrup mərhələsinə yanvarın 29-da yekun vurulacaq. Həmin gün “Azəryol” “Qarabağ”la, “Azərsu” “İdman Akademiyası” ilə üz-üzə gələcək. Qeyd edək ki, yarışın yarımfinal mərhələsi aprel ayına təyin olunub. Qalib komandaların adına isə mayın 2-də keçiriləcək həlledici görüşlərdə aydınlıq gətiriləcək.