"Rəqiblər gücümüzə görədirlər": Ramil Şeydayev

ESTAFET/ "Pis qrup deyil. Rəqiblərimiz oynayan komandalardı. Ancaq əlbəttə, gücümüzə görədirlər". Bu fikirləri Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev bildirib.

Bu gün Hollandiyanın paytaxtı Amsterdamda UEFA Millətlər Liqasının püşkü atılıb. Bu dəfə C liqasında çıxış edəcək millimiz Monteneqro, Kipr və Lüksemburq yığmalarıyla birgə 1-ci qrupa düşüb. Püşkün nəticəsindən razı qalan Şeydayev hər üç yığmanı "dişimiz"ə görə hesab edir: "Tamamilə normal qrupa düşmüşük. Sadəcə, oyunlara düzgün yanaşmaq lazımdı. Qrupdakı matçlarda qalib gəlməyə çalışacağıq. Bu, bizim üçün yaxşı şansdı".

Ramil hər bir yığmanı ayrılıqda xarakterizə etməyərək fikrini belə əsaslandırıb: "Çünki onların heç birinə qarşı oynamamışam. Onu deyə bilərəm ki, 1-ci yer uğrunda mübarizə aparacağıq".

Millimzin təqvimi az sonra bilinəcək. Maraqlıdı, qrup mübarizəsini evdə başlayıb, səfərdə bitirmək yaxşıdı, yoxsa əksinə? "Sabah"ın hücumçusunu dinləyək: "Açıq deyim ki, bu haqda ən son olaraq düşünmək lazımdı. Bu, elə vacib detal deyil".

Xatırladaq ki, millimiz Millətlər Liqasında mübarizəyə bu ilin sentyabrın əvvəlində başlayaraq noyabrın sonunda yekun vuracaq. (sport24.az)

Müəllif: Natiq NƏSİROV