Çingiz Hüseynzadənin rəhbərliyi ilə MOK-un növbəti iclası keçirilib

ESTAFET/ Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin rəhbərliyi ilə MOK-un iclası keçirilib. İclasda karantin dövründə MOK-un həyata keçirdiyi işlər və planlaşdırılan məsələlərə dair fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı bildirilib ki, dünyada və ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar olaraq, Tokio 2020 Olimpiya Oyunlarında iştirak üçün hazırlığın ən yüksək pilləsinə çatmış idmançılarımızın formada qalmaları məqsədilə ilkin mərhələdə onlara ev şəraitində məşqləri davam etdirmək tövsiyə olunub və tezliklə atletlərimizin səhhətinin yoxlanılaraq nəzarət altında təlim-məşq toplantılarının davam etdirilməsi üzərində iş aparılıb. Karantin dövründə MOK tərəfindən idmançılarımızın psixoloji vəziyyətləri və ruh yüksəkliyinin saxlanması istiqamətində atılan bir sıra addımlar da nəzərdən keçirilib. MOK mətbuat xidmətinin məlumatına görə, post-karantin dövründə MOK-un fəaliyyəti, xüsusilə Tokio 2020 Oyunlarına hazırlıqla əlaqadar ümumi muzakirə aparılıb. Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsinin karantin və post-karantin dövrü üçün tövsiyə və təlimatları ətrafında danışılaraq qarşıda duran məsələlərlə bağlı tapşırıqlar verildi.
