Məmmədyarov Karlsenlə qarşılaşacaq

ESTAFET/ Onlayn şahmat üzrə daha bir beynəlxalq turnir keçirəcək. İlk dünya çempionu Vilhelm Steinitzin xatirəsinə təşkil olunacaq blits üzrə yarış mayın 15-də start götürəcək və 3 gün davam edəcək.
FIDE prezidenti Arkadi Dvorkoviçin seçiminə əsasən baş tutacaq turnirdə 10 kişi və 10 qadın şahmatçı mübarizə aparacaq. Kişilərin yarışında Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da iştirak edəcək. Onun rəqibləri Maqnus Karlsen (Norveç), Aleksandr Qrişuk, Pyotr Svidler, Daniil Dubov (hər üçün Rusiya), Ceffri Syun (ABŞ), Bu Syançji (Çin), Le Kuanq Lyem (Vyetnam), Anton Korobov (Ukrayna) və Anton Qixarro (İspaniya) olacaq.
Oyunlar hər gedişə 2 saniyə əlavə edilməklə 3 dəqiqəlik olacaq. Qalib 2 dövrənin yekununa əsasən müəyyənləşəcək. Kişilərin turnirinin mükafat fondu 18 min avro olacaq. Yarışın ən güclüsü 4500 avro qazanacaq. Bundan başqa, hər partiyanın qalibi 100 avroya irəli düşəcək.
