"Neftçi"də müqavilə müddəti başa çatan oyunçularla görüş keçiriləcək

ESTAFET/ “Neftçi”də müqavilə müddəti başa çatan futbolçuların taleyinə sabah aydınlıq gələ bilər. Bu haqda Bakı klubunun idman direktoru Ceyhun Sultanov məlumat verib.
“Ağ-qaralar”ın rəsmisi bildirib ki, sözləşmə müddəti bitən oyunçularla mövsümün sonuna qədər komandada qalmaları yönündə görüşməyi planlaşdırır: “Məşqlər sabahdan bərpa olunsa, biz də oyunçularla görüşüb söhbət aparacağıq. Bizə heç kim “oynamaq istəmirəm” deməyib, hansısa müraciət etməyib”.
Sultanov Kipr klubu “Apollon”la anlaşan hücumçu Baqali Dabo ilə bağlı məsələyə də toxunub. O, fransalı forvardın durumuna onunla görüşdükdən sonra aydınlıq gələcəyini vurğulayıb: “Dabonun “Apollon”la anlaşıb-anlaşmadığını bilmirik. Çünki hansısa söhbətimiz olmayıb. Görüşdükdən sonra bütün suallar öz cavabını tapacaq”.
Qeyd edək ki, “Neftçi”də 7 futbolçunun - Baqali Dabo, Emin Mahmudov, Soni Mustivar, Aqil Məmmədov, Vangelis Platellas, Tural Axundov və Vild-Donald Geryenin müqavilə müddəti başa çatır.
